Rus əsgərləri planetin ən yaxşıları deyillər, amma müharibənin ilk ayında göründükləri qədər ruhsuz da deyillər. 2022-ci ilin payızında Ukraynanın uğurlu əks-hücum əməliyyatı hər iki tərəfə sübut etdi ki, Rusiyanın müdafiəsi bir anda dağıla və Ukrayna ərazilərinin önəmli hissəsini geri qaytara bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin “Nyu-Yorker” qəzeti yazır.
“Sonra sual yarandı ki, Ukrayna 2023-cü ilin yay və payızında hansı ordu ilə qarşılaşacaq: Xarkovda görünən ruhdan düşmüş, ya Xersonda görünən mütəşəkkil və döyüşə hazır ordu? Təəssüf ki, cavab sonuncu oldu”, - nəşr qeyd edir.
“Karnegi” Fondunun analitiki Dara Massikot qəzetə deyib:
“Rus ordusunun bacarıqsız təlxək maşını və dağılmaq üzrə olduğu, öyrənməyə qadir olmadığı və sair kimi nağıllar faydasızdır, verdiyi zərər realdır. Dağılmadılar, hələ də oradadırlar. Meydandadırlar, iki il ərzində milyardlarla Qərb silahı və yardımlarını yeyib bitirdilər”.
Bəzi analitiklərə görə, ABŞ F-16-larının Ukraynaya verilməsi müharibənin gedişatını dəyişəcək. Əksəriyyət F-16-nın faydalı olacağını, amma həlledici olmayacağını proqnozlaşdırır. Yeni baş komandan Aleksandr Sırskinin Baxmut müdafiəolunmaz hala gəldikdən sonra da onu müdafiə etməkdə israrlı bir general olması çoxlarını narahat edir. Analitikləri ən çox ABŞ Konqresində təxirə salınan hərbi yardım paketi narahat edir.
“Müharibənin müddəti ilə bağlı politologiya ədəbiyyatı kifayət qədər aydındır: müharibə tez bitməsə, uzun müddət davam edəcək. Bunun səbəbi stimulların dəyişməsidir. Qan tökülüb, resurslar xərclənib. Cəmiyyət səfərbər olub, düşmən söyülür. İnsanlar qəzəblidirlər. Müharibə davam etməlidir”, - nəşr vurğulayır.