19 Mart 10:57
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Putin yenidən altı illik müddətə seçildikdən sonra Rusiyanın ən yaşlı prezidenti olmaq yolundadır.

Teleqraf.com xəbər verir ki, bu haqda “The Times” yazır.

Nəşr qeyd edir ki, Putin 2028-ci ilin oktyabrına qədər, yəni 76 yaşı tamam olanadək hakimiyyətdə qalsa, Kremlin ən yaşlı sahibi kimi keçmiş SSRİ lideri Leonid Brejnevi keçəcək. Həmçinin 2030-cu ildə yenidən seçilərsə, İosif Stalini keçərək Rusiyanın ən uzun ömür sürən lideri olacaq.

Rusiya konstitusiyasına 2020-ci ildə təcili qaydada edilən dəyişikliklərə görə, Putin 84 yaşı tamam olan 2036-cı ilə qədər daha iki müddət hakimiyyətdə ola bilər.

Hesablamalara görə, Rusiya vətəndaşlarının orta ömrü 64 ildir. Nəşr Putinin sağlamlığını dünya səviyyəli tibbi xidmətdən istifadə etməsi, içki içməməsi, müntəzəm idmanla məşğul olması və sairlə əlaqələndirir. Düşmənləri onun hakimiyyətdən getməsinə yalnız ölümün səbəb olacağını deyirlər.

Rusiya və dünyada bir çoxları Putin hakimiyyətdən getdikdən sonra belə irs və ənənələrinin davam edəcəyinə inanırlar. Amma “The Times” belə bir təminatın olduğunu güman etmir. Məsələn, 1956-cı ildə Stalinin ölümündən üç il sonra Nikita Xruşşov Kommunist Partiyasının qurultayında Stalinin şəxsiyyətə pərəstiş siyasətini tənqid etmişdi.

Xruşşovun çıxışından sonra heykəllərin sökülməsi, küçələrin adlarının dəyişdirilməsi, Stalinin cənazəsinin Qızıl Meydandakı məqbərədən götürülməsi kimi de-stalinizasiya proqramı başlamışdı. Nəşr yazır ki, 2000-ci ildə Putin hakimiyyətə gəldikdən sonra Stalinin reputasiyası kəskin şəkildə yüksəlib.


Müəllif: Mənsur Rəğbətoğlu