19 Mart 15:41
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin “Globe” qəzeti Türkiyə və İraqın Yaxın Şərqdə həyata keçirməyə çalışdığı dəhliz projesindən yazıb.

Teleqraf.com xəbər verir ki, nəşr Türkiyənin dəhlizin üzərindəki terror təhlükəsini hərbi əməliyyatla aradan qaldırmağa çalışdığını bildirib.

Analizdə qeyd olunur ki, Bağdad və Ankara ABŞ-nin İsrail və Səudiyyə Ərəbistanı vasitəsilə planlaşdırdığı kontinental dəhlizdə ləngimələrdən istifadə edərək layihənin irəliləyişini təmin edir:

“İki ölkə qüvvələrini Türkiyəni təhdid edən kürd yeraltı təşkilatlarına qarşı əməliyyatda birləşdirir”.

İraqın ilk dəfə PKK terror təşkilatını qadağan etdiyini vurğulayan “Globes” Bağdadın qərarının Türkiyənin İraqın şimalında yeni genişmiqyaslı əməliyyata başlamasına zəmin yaratdığını vurğulayıb.

İsrail nəşri Ankara və Bağdadın həyata keçirməyi planlaşdırdığı dəhliz layihəsinin İraq Kürd Muxtariyyəti tərəfindən də dəstəkləndiyini yazıb. Mənbə hesab edir ki, layihə “Ənsarallah” qruplaşmasının (Husilər – Yəmən) hücumları səbəbiylə dünyanın ən təhlükəli su yoluna çevrilən Qırmızı dəniz yolunu əvəzləyəcək.

Qəzet dəhlizin Avropanı Fars körfəzi, eləcə də Türkiyə və İraq üzərindən Uzaq Şərqə bağlayacağını bildirib.

Məqalədə deyilir ki, türklər və iraqlılar marşrut (dəmir və avtomobil yolları) boyunca logistik mərkəzlər və sənaye zonaları, eləcə də neft və təbii qaz kəmərləri qurmağı planlaşdırırlar.

“Ankara indi ikiqat fürsət yarandığını görür. Birincisi, İraqla quru dəhlizi planı ABŞ lideri Co Baydeni bu plana daxil olmayan quru dəhlizi layihəsini kənara qoymağa vadar edəcək. Bu, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan üçün mükəmməl zamandır. Çünki İsraillə Səudiyyə arasında gözlənilən normallaşma üfüqdə belə deyil və ABŞ lideri Bayden bütün diqqətini ölkəsindəki prezident seçkilərinə yönəldib. Bunlar Ərdoğana Yaxın Şərqdə ilk quru dəhlizinin yaradılması fürsətini verir”, - İsrail nəşri vurğulayır.

Beynəlxalq İnkişaf Yolu layihəsi Cənubi Asiya və Yaxın Şərqi Avropa, Cənubi Qafqaz və Şimali Afrikaya yeni marşrutla birləşdirməyi hədəfləyir. Ankara Zəngəzur dəhlizini də bu proje çərçivəsində dəyərləndirir.


Müəllif: Mənsur Rəğbətoğlu