29 Mart 13:36
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu 2024-cü ilin əvvəlindən Ukraynada təxminən 100 kvadratkilometr irəliləyə bilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Amerikalı analitiklər xatırladırlar ki, 2023-cü ilin oktyabrında başlayan hücumun başlanğıcından bəri ruslar 505 kvadratkilometr ərazi ələ keçiriblər. ISW bunun Rusiyanın böyük hədəfləri fonunda “kiçik uğur” olduğunu bildirib.

ABŞ institutunun fikrincə, hərbi resursların tükənməsi Ukrayna Silahlı Qüvvələrinin effektli müdafiə əməliyyatları aparmaq imkanlarını məhdudlaşdırır. Bu, həmçinin rus ordusuna hücum əməliyyatlarını daha da irəli aparması üçün stimul verir.

ISW hesab edir ki, Ukraynaya lazımi həcmdə hərbi yardımın gəlməsi və səfərbərlik problemlərinin həlli ruslar üçün bu imkanları daraldacaq.

Amerikalı analitiklərə görə, fevralın 17-də şəhər ələ keçirildikdən sonra Ukrayna ordusu Rusiyanın Avdivdən qərbə doğru irəliləyiş sürətini zəiflədib. Hazırda rusların ən aktiv olduqları istiqamət Novopavlovskdur.

Pervomayskda da gərgin döyüşlər gedir. Rusiya Marin istiqamətində də irəliləməyə çalışır.

Rusiya 2014-cü ildən bəri Ukrayna ərazisinin təxminən 20 faizini – 120 min kvadratkilometrini işğal edib. Ukraynanın ümumi sahəsi 603 500 kvadratkilometrdir.


Müəllif: Mənsur Rəğbətoğlu