Suriya ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşma prosesi davam edir.
Teleqraf.com xəbər verir ki, iki ölkə arasında münasibətlərin yenidən qurulması çərçivəsində 13 ildən sonra kommersiya xarakterli uçuşlar bərpa edilib.
Dəməşq Beynəlxalq Hava Limanından havaya qalxan təyyarə artıq Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına çatıb. Suriyanın Səudiyyə Ərəbistanındakı səfiri Ayman Soussan açıqlamasında bildirib ki, uçuşların bərpası iki qardaş ölkə arasında əlaqələrin inkişafı istiqamətində atılan növbəti addımdır.
Digər tərəfdən, suriyalı zəvvarlar ötən ay həcc ziyarəti üçün birbaşa uçuşla Səudiyyə Ərəbistanına gediblər.
Səudiyyə Ərəbistanı 2012-ci ildə Əsədin “Ərəb baharı” üsyanları zamanı etirazçılara sərt müdaxiləsi və təzyiqi səbəbindən Suriya ilə əlaqələri kəsib. Ötən ildən bir çox ərəb ölkələri Suriya ilə münasibətlərini normallaşdırmağa başlayıb.