Rusiya bu ilin fevral ayında həbsxanada ölən siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnayanı terrorçu və ekstremistlər siyahısına daxil edib.
Teleqraf.com xəbər verir ki, o, Rusiya Federasiyası Maliyyə Monitorinqi Xidmətinin (Rosfinmonitorinq) saytında terrorçu və ekstremistlər siyahısına əlavə edilib.
Rusiyada məhkəmə iyulun 9-da ekstremist təşkilatlarda fəaliyyət göstərdiyi müəyyən edilən Navalnayanın qiyabi həbsinə order verib.
Qeyd edək ki, Aleksey Navalnı 2021-ci il yanvarın 17-də Almaniyanın paytaxtı Berlində müalicə aldıqdan sonra paytaxt Moskvaya qayıdarkən hava limanında həbs edilib.
Rusiya məhkəməsi 2023-cü ilin avqustunda həbsdə olan Navalnıya ekstremist icma yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib.
Aleksey Navalnı ötən ilin yanvarında Rusiyada terrorizm və ekstremizmlə əlaqəli şəxslər siyahısına daxil edilib.
Rusiya Federal Həbsxana Xidməti (FSIN) həbsdə olan müxalifətçi Navalnının fevralın 16-da həbsxanada öldüyünü açıqlayıb.