21 Avqust 20:38
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya və Estoniyanın qaz şəbəkələrini birləşdirən “Balticconnector” qaz kəmərində 2023-cü ilin oktyabrında qəza baş verib. Qəzada Çin gəmisinin günahı olub. Bunu Finlandiya və Estoniyanın hüquq-mühafizə orqanlarına birgə təhqiqatı təsdiq edib. Honq-Konq bayraqlı “Newnew Polar Bear” konteyner gəmisi lövbəri ilə qaz kəmərini zədələyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Çin rəsmiləri o zaman hadisənin qasırğa nəticəsində baş verdiyini söyləmişdilər:

“Olaydan 10 ay sonra Qərb rəsmiləri və analitikləri Çin gəmisinin qaz kəmərini bilərəkdən zədələməsindən şübhələnirlər. Araşdırmalar qəzaya qasırğanın səbəb ola bilməyəcəyini göstərir. Estoniya müdafiə naziri Hanno Pevkur bir neçə gün əvvəl Çinin iddiasına şübhə ilə yanaşdığını bildirib. Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin keçmiş direktoru Marku Milli də iddia edib ki, Finlandiya da körfəzdə güclü fırtınanın olmadığını bildirib. Estoniya zərərə görə Çindən təzminat tələb edib.

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə tikilən “Balticconnector” Finlandiya, Estoniya, Latviya və Litvanın Rusiyadan enerji asılılığını aradan qaldırmağı hədəfləyib. Kəmər 2019-cu ildə istismara verilib. Qəzadan sonra Estoniya təbii qaz üçün Latviyaya müraciət etməli olub. Boru kəməri təxminən 38 milyon dollara başa gələn təmirdən sonra bu ilin aprelində yenidən açılıb. Bundan başqa, hadisə zamanı bəzi telekommunikasiya kabellərinin də zədələndiyi bildirilir.

Kəmərlə bağlı olay Aİ-nin Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sanksiyaları sərtləşdirdiyi dövrə təsadüf edib. Ona görə də ekspertlər qəzanın ya Rusiya, ya da müttəfiqi Çin tərəfindən təşkil edilməsindən şübhələnirlər. Qəza törədən gəmi kəmərə ziyan vurduqdan sonra əvvəlcə Rusiyanın Sankt-Peterburq və Arxangelsk, ardınca da Çinin Tianjin limanına gedib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər