Kiyevə təhvil verilən F-16 qırıcısı Ukrayna Silahlı Qüvvələri tərəfindən səhvən “Patriot” hava hücumundan müdafiə raket sistemi ilə vurula bilər.
Teleqraf.com xəbər verir ki, bu bəyanatla “Nyu-York Tayms” (NYT) rəsmi mənbələrə istinadla yazır.
ABŞ nəşrinin iddiasına görə, qırıcının “Patriot” batareyasının atəşi ilə vurula biləcəyinə dair əlamətlər var. Eyni zamanda, mexaniki nasazlıq və pilot xətası da istisna olunmur.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı olayla bağlı məlumatı təsdiqləyib.
Ukrayna Prezidenti Vladimir Zelenski F-16 qırıcısının qəzaya uğramasından (rəsmi versiya qəzadır – red.) dərhal sonra Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşkuku vəzifəsindən azad edib.
Oleşukun vəzifədən çıxarılması bu il Ukraynada ikinci səs-küylü belə hadisədir. Zelenski fevralda Ukrayna ordusunun baş komandanı Valeri Zalujnını da vəzifəsindən azad edib və onun yerinə general Aleksandr Sırskini gətirib.