Ukrayna ordusu sərhəd istiqamətində Rusiyanın müdafiəsini keçərək Kursk vilayətinin bir neçə kilometr dərinliyinə doğru irəliləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “Xorne” PUA (Khorne) bölməsi məlumat yayıb.
Rusiya hücumun hərbi aviasiya və artilleriyanın dəstəyi ilə dəf edildiyini bildirsə də, Ukrayna bölməsi bunu rədd edib.
İrəliləyişin sübutu olaraq qrup videogörüntü yayımlayıb. Material Ukraynanın zirehli kolonunun sərhədi necə keçdiyini, daha sonra Rusiya Silahlı Qüvvələrinin axasında yerləşən Vesyoloye şəhərinə doğru hərəkət etdiyini göstərir.
“Forbes”in məlumatına görə, Ukrayna qüvvələri Vesyeloyenin cənub ətrafına qədər irəliləyib.
Ukraynanın bu həmləsinin hərbi əməliyyatların dinamikasını necə dəyişəcəyi hələlik məlum deyil. “Forbes” yazır ki, bu, Ukrayna üçün ən yaxşı halda rus qoşunlarını Donbasda yeni hücumdan yayındıra bilər. Ukrayna üçün ən pis halda Kremlin bəyanatı dəqiq çıxacaq və Vesyeloyenin işğalı əvvəlcə uğurlu olsa da, sonra Ukrayna qoşunlarının geri çəkilməsi ilə başa çatacaq.
İddiaya görə, Ukrayna Silahlı Qüvvələri Kurskda 30 kilometrdən çox məsafədə Rusiyanın müdafiəsini yarıb, amma irəliləmə dayanıb.