7 Oktyabr 11:58
1 808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrda ABŞ-da keçiriləcək prezident seçkisində Donald Tramp və Kamala Harris arasında gərgin rəqabət gözlənilir. Bu seçki beynəlxalq aləmin də diqqət mərkəzindədir. Seçkidən öncə Vaşinqtonun iddiasına görə, müxtəlif dövlətlərin haker qruplarının ABŞ-a hücumları davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəz CNN-ə istinadla bildirir ki, bir qrup çinli haker milli təhlükəsizlik kimi məsələlərlə bağlı həssas məlumat axtarmaq üçün ABŞ-ın telekommunikasiya şirkətlərinə sızıblar:

“Müstəntiqlər son zamanlarda başlanan kiberhücumların hədəfləri arasında ABŞ-ın genişzolaqlı və internet provayderləri olan “AT&T”, “Verizon” və “Lumen” şirkətlərini müəyyən ediblər. ABŞ telekommunikasiya şirkətləri böyük həcmdə istifadəçi məlumatları saxlayır. Bu səbəbdən şirkətlər ABŞ-a düşmən və rəqib olan dövlətlərin diqqətini cəlb edir.

Çinin Vaşinqtondakı səfirliyi Pekinin dəstəklədiyi hakerlərin ABŞ telekommunikasiya şirkətlərini sındırdığını təkzib edərək, bu məlumatı “faktın təhrifi” adlandırıb. Səfirliyin sözçüsü Li Penqyu ABŞ-ı “Çini ləkələmək üçün kibertəhlükəsizlik məsələlərini siyasiləşdirməkdə” günahlandırıb. Pekin də ABŞ hökumətini Çin təşkilatlarına qarşı kiberhücumlar təşkil etməkdə ittiham edir.

Pekinin təkzibinə baxmayaraq, son hadisə ABŞ administrasiyası tərəfindən nəzarətə götürülüb. İki mənbə bildirib ki, ABŞ rəsmiləri Nümayəndələr Palatası və Senatın kəşfiyyat komitələrini Çinin haker kampaniyası ilə bağlı məlumatlandırıb. “Microsoft” və “Google”a məxsus “Mandiant” şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri hakerlik fəaliyyətinin araşdırılmasına kömək ediblər”.

Beləliklə, məqalədə qeyd olunur ki, haker hücumları ABŞ və Çin arasında ikitərəfli görüşlərdə mübahisə mövzusuna çevrilib:

“Çin lideri Si Cinpin ABŞ Prezidenti Co Baydenə ötən il Kaliforniyada keçirilən görüş zamanı ölkəsinin prezident seçkilərinə müdaxilə etməyəcəyini demişdi. Ancaq bu vəd Vaşinqtonun şübhələrini azaltmayıb. Kibercasusluq ittihamlarının səsləndiyi məqamda Vaşinqton seçkilərdə bir neçə dövlətin, o cümlədən Rusiya və Çin mənşəli haker qrupların müdaxiləsindən ehtiyatlanır. Vaşinqton mümkün müdaxilələrin qarşısını almaq üçün dövlət qurumlarının fəaliyyətlərini gücləndirib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər