Deputat Tahir Rzayev İçərişəhərə girişin piyadalar üçün pullu olmasını təklif edib. O, əksər ölkələrdə turistlərin gəzdikləri zonaların - kitabxanalar, muzeylər, parkların pullu olduğunu vurğulayıb. Azərbaycan vətəndaşlarının İçərişəhərə ödənişli daxil olması nə qədər doğru olar?
Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzuya belə münasibət bildirib:
“Hesab edirəm ki, bununla bağlı aidiyyəti qurumlar rəy bildirməlidir. Vəziyyəti qiymətləndirmədən bizim fikir söyləməyimiz düzgün olmaz. İçərişəhərə giriş o zaman pullu ola bilər ki, bura artıq muzeyə çevrilsin. Muzeyə çevrildikdən sonra məsələyə baxıla bilər. Hazırkı dövrdə dövlət qurumlarının mövqeyi nəzərə alınmalıdır. Buranın qapalı muzeyə çevrilməsi gündəmdə olmalıdır. Hər halda yəqin ki, məsələyə baxılacaq, dövlət qurumları bu məsələdə müvafiq addımlar atacaq”.
45 il İçərişəhərdə yaşadığını deyən əməkdar incəsənət xadimi Əbdül Mahmudov təklifə etiraz edib:
“Ömrümün 45 ili İçərişəhərdə keçib. Oraya bağlı insanam, böyüdüyüm yerdir. Belə fikilər niyə səslənir, bilmirəm. Əksinə o qapılar açılmalıdır. Qonaqlara, turistlərə yüksək səviyyədə, elmi-tarixi izahatlar verilməlidir. Biz İçərişəhərin tarixini hələ də tam müəkəmməl öyrənməmişik. Qız Qalasının belə hekayəsini yanlış bilirlər.
Qız Qalası vaxtilə dənizin içində olub, bu, “göz qalası” , “nəzarət qalası”dır. Hələ biz Bakının adını açıb izah edə bilməmişik. Bu işlər haqqında düşünmək lazımdır. Demək istəyərdim ki, həmin deputat bir az tarixlə məşğul olsun. Xalqın tarixinə, ideologiyasına müdaxilə etmək olmaz.
Mən dünyanın müxtəlif ölkələrində olmuşam. Belə tarixi yerlər üçün gözəl şərait yaradırlar ki, insanlar görsünlər, tanış olsunlar. Tarixi ünvanlarımızı daha yaxşı tanıtmalıyıq. Milli-mənəvi dəyərləri, tarixi keçmişimizi gənclərə aşımalıyıq. Oraları ziyarət etsinlər ki, milli ruhda olsunlar. Görmədikcə, getmədikcə özümüzdən uzaqlaşırıq.
Milli-mənəvi dəyərlərimizi adiləşdirməməliyik. İçərişəhərlə nə işləri var? Tarixi abidələrimizə gəlir mənbəyi kimi yanaşmaq olmaz. İçərişəhərlilərə, bakılılara müraciət edirəm, xahiş edirəm belə fikirlərə qarşı çıxsınlar”.