7 Oktyabr 12:54
1 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Respublika Perinatal Mərkəzi" PHŞ-də baş vermiş yanğınla bağlı məsuliyyətə cəlb edilən direktor Mehriban Abasquliyeva, mərkəzin anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Əvvəl zərərçəkmiş şəxslərin kimliyi müəyyən edilib, sonra təqsirləndirilən şəxslərin vəkillərinin prosesdə iştirakı araşdırılıb.

Müəyyən edilib ki, təqsirləndirilən Mehriban Abasquliyevanın hüquqi nümayəndəsi də iclasdadır. O, uzun illər məhkəmə sistemində hakim postunda çalışmış Çingiz Bəşirovdur. Çingiz Bəşirov Mehriban Abasquliyevanın qardaşıdır.

Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi Lalə Ramazanovanın nümayəndəsi Adəm Məmmədovdur. Amma zərərçəkmişin özü iclasa qatılmayıb. Lalə Ramazanova hadisə zamanı körpəsini itirən şəxslərdən biridir.

Adəm Məmmədov bildirib ki, cinayət işi üzrə zərərçəkmiş şəxslə ötən həftənin 5-ci günü müqavilə bağlayıb, sonrakı günlər istirahət günlərinə təsadüf edib, buna görə işlə tanış ola bilməyib. İşlə tanış olandan sonra geniş vəsatəti olacaq: "Bu işdə bəzi məsələlər var, ümumən tam tanış olmalıyam. Əsas məsələ kənarda qalıb, istintaq başqa yöndə aparılıb. Bu iş ölkə başçısının nəzarətində olub. Buna görə araşdırma tam aparılmalıdır".

Adəm Məmmədov başqa şəxslərin də məsuliyyətə cəlb olunmasına işarə edib. Dövlət ittihamçısı Orxan Səmədov vəsatətin təmin olunmamasını istəyib. Təqsirləndirlilən şəxslərin vəkilləri isə vəsatətin təmin olunmasına tərəfdar olublar.

Adəm Məmmədov daha sonra işin obyektiv araşdırılması, başqa şəxslərin də məsuliyyətə cəlb olunması üçün işin ibtidai istintaqa qaytarılmasını istəyib. Onun fikrincə, ittiham aktı düzgün tərtib olunmayıb, əsas adamlar kənarda qalıb. Vəkil həmin şəxslərin məsuliyyətə cəlb olunmasını üçün vəsatətin təmin olunmasını vacib sayıb.

Daha sonra təqsirləndirilən Mehriban Abasquliyevanın vəkili Muxtar Mustafayev vəsatətlə çıxış edərək bildirib ki, iş tam həcmdə araşdırılaraq məhkəməyə göndərilməyib. Onun sözlərinə görə, cinayət işi üzrə sənədlərin əsli yox, surətlərini məhkəməyə göndəriblər. Bu da ciddi qanun pozuntudur. O, işin ibtidai istintaqa qaytarılmasını, Baş Prokurorluğun istintaq idarəsinin prokuroru Ağakişi Acalovun barəsində xüsusi qərardad çıxarılmasını istəyib.

“Hadisə vaxtı işdə olan həkimlər uşaqları xilas etmək imkanları olduğu halda bunu etməyiblər. Məsələn, tibb bacıları körpələrin yanında olmalı olduğu halda gedib mətbəxdə çay içiblər. Amma həmin şəxslər bu gün ittiham edilmir. Niyə?”, - Abasquliyevanın vəkili Muxtar Mustafayev sual edib.

Dövlət ittihamçısı bildirib ki, dövlət qurumunun adından yanlış məlumat verilir, məhkəmə bu məsələyə münasibət bildirməlidir. O hesab edir ki, hazırkı mərhələdə vəsatət təmin olunmamalı, iş məhkəmə baxışına verilməlidir.

Mehriban Abbasquliyevanın digər vəkili Əlövsət Abbasov deyib ki, iş üzrə 4 nəfər zərərçəkmiş qismində tanınıb, onlar mərkəzin işçiləri olublar. O, həmin şəxslərin zərərçəkmiş qismində tanınmasını qanunsuz hesab edib.

Vəkil Elçin Nəcəfov, Vaqif Hacıyev, Aynurə Əhmədova və Gülbahar Zülfüqarovanın zərərçəkmiş qismində statuslarına xitam verilməsini istəyib.

Vəkil Adəm Məmmədov deyib ki, hadisə vaxtı evində olan şəxslər məsuliyyətə cəlb olunub, amma iş başında olan, hadisədə məsuliyyət daşıyan şəxslər zərərçəkmiş qismində tanınıblar.

Məsələyə münasibət bildirən zərərçəkmiş Gülbahar Zülfüqarova deyib ki, o, işdə zərərçəkmiş qismində tanınmaq istəmir. Onun sözlərinə görə, hadisədən sonra mərkəzdən çıxıb gedib.

Daha sonra çıxış edən Elnur Əhmədlinin vəkili Fərid Həsənovun sözlərinə görə, müvəkkilinin adından sənədlərə imza atılıb, bu isə qanun pozuntusudur. Vəkil müvəkkilinin adından imza qoyulmuş sənədlərin işdən xaric olunmasını istəyib.

Daha sonra hakimlər heyəti müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan heyət hazırlıq iclasının qərarını açıqlayıb.

Qərara görə, vəkillərin vəsatətləri hazırkı mərhələdə baxılmamış saxlanılıb.

İşin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

Məhkəmə baxışı oktyabrın 21-ə təyin olunub.

Qeyd edək ki, bu ilin yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər