İsrailin Türkiyə sərhədlərinə çatması və Şərqi Aralıq dənizindən İraq sərhədinə qədər bu bölgəni qoruya bilməsi üçün əvvəlcə Livanı, sonra Suriya torpaqlarını məhv edərək, düşməni sıfıra endirib hərəkət etməlidir. İsrailin şimal sərhədinə qədər bunu təmin etmək üçün ona on minlərlə piyada, hərbi texnika, silah və elektron avadanlıqlar lazımdır.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Haber7” portalının yazarı, professor Ata Atun deyib.
Professorun ehtimalına görə, İsrailin hədəfi ABŞ-ın 2012-ci ildən nəzarətdə saxladığı Suriyanın neft yataqlarıdır:
“Yataqlar ABŞ-ın proksi qüvvələrinin idarəsində olsa da, əsas nəzarət amerikalıların əllərindədir. Sözügedən neft yataqlarının böyük bir hissəsi Suriyanın şərq bölgələri, İraq sərhədi və şimal-şərqdə (Deyr əz-Zor) yerləşir.
Hər halda problem buradan başlayır.
İsrail bu bölgəyə çatmaq üçün Suriya-Livan sərhədinin şimal və şərqində yerləşən Rusiya hərbi bazalarından keçməlidir. Amma Suriya-Rusiya strateji əməkdaşlıq müqaviləsinə görə, buna nail olmaq demək olar ki, mümkünsüz görünür. Bu səbəbdən İsrailin ABŞ-dan aldığı hərbi dəstəyin miqyasından asılı olmayaraq, İsrailin Suriyanı keçməsi və keçdiyi yerləri hərbi baxımdan qoruması mümkün deyil.
Bu şərtlər altında Yaxın Şərqi yenidən formalaşdırmaq və sərhədləri yenidən təşkil etmək məqsədi daşıyan amansız müharibənin Türkiyəni də içinə alması demək olar ki, mümkünsüz olduğu görünür”.
Prezident Rəcəb Tayyib Ərdoğan bunca öncə Qəzza və Livanda hərbi əməliyyatları davam etdirən İsrailin hədəflərindən birinin Türkiyə olduğunu söyləmişdi.