7 Oktyabr 12:07
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 1-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Strasburqda keçirilən sessiyasında “Azərbaycanda insan hüquqları, qanunun aliliyi və demokratiya ilə bağlı vəziyyətin pisləşməsi” mövzusunda müzakirələr yenə də anti-Azərbaycan ruhda keçib. Azərbaycan üzrə məruzəçi, norveçli deputat Liz Kristofersen iddia edib ki, COP29 yaxınlaşdıqca Azərbaycanda hadisələr “pis istiqamətdə” inkişaf etməyə davam edir.

Buna sübut kimi Azərbaycan Xarici İşlər Nazirliyinin Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsinə səs verdiyinə görə 76 deputatı persona-non-qrata elan etməsini göstərib. Kristofersenə görə, sentyabrın 1-də keçirilmiş parlament seçkiləri beynəlxalq standartlara cavab verməyib, seçkilər “repressiyalar, söz azaldığı və toplaşma azadlığının sərtləşdirilməsi, siyasi fəallara, vətəndaş cəmiyyətinə və KİV nümayəndələrinə qarşı davam edən repressiyalar” fonunda keçirilib.

Məruzəçi vergi cinayətləri ittihamı ilə həbs edilən vətəndaş cəmiyyəti fəalları və xarici qrantlardan maliyyələşən kanalların əməkdaşları ilə bərabər erməni separatçılarına da qahmar çıxıb, “Azərbaycanda saxlanılan erməni hərbi əsirlər və mülki əsirlər ətrafında həll olunmamış vəziyyət” olduğunu qeyd edib. Kristofersen qeyd edib ki, 2024-cü il yanvarın sonundan Azərbaycan hakimiyyəti Bakıda Avropa Şurasının İşgəncələrə qarşı Komitəsi ilə yüksək səviyyəli danışıqlar aparmaqdan imtina edib. İrlandiyadan deputat Pol Gavan Nazirlər Komitəsinə və Avropa Şurası Parlament Assambleyasına təklif edib ki, “Azərbaycanın bu təşkilat qarşısında öhdəliklərinin çoxsaylı ciddi pozulması ilə əlaqədar” birgə prosedura başlanılsın.

Böyük Britaniyadan deputat Kristofer Kope Azərbaycanla bağlı xüsusi debatların keçirilməsini ölkəyə qarşı ayrı-seçkilik hesab edib, çünki öhdəliklərin yerinə yetirilməsi ilə bağlı vəziyyətin daha pis olduğu dövlətlər var. O deyib ki, beynəlxalq birlik Azərbaycanın COP29-a sədrliyini, Birləşmiş Millətlər Təşkilatının 120 üzvü isə Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyini dəstəkləyib. O, Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasına qaytarılmasını və mövcud məsələlərlə bağlı birbaşa dialoqun aparılmasını təklif edib. Almaniyalı millət vəkili Frank Şvabe yenə araqarışdıran ritorikasını davam etdirib. Deyib ki, Azərbaycan Avropa Şurası ilə əməkdaşlıqdan imtina edib, guya 2023-cü ilin fevralından sonra ölkədə siyasi məhbusların sayı 93-dən 319-a yüksəlib. “Azərbaycana bu təşkilatın dəyərlərini və qaydalarını dəyişdirməyə icazə verəcəyikmi? Yoxsa Azərbaycandan bu təşkilatın dəyərlərini və qaydalarını qəbul etməyi xahiş edirik? Əgər ölkə və hökumət bunu etməyə hazırdırsa, assambleyada onları görməyə şad olarıq”, - Şvabe deyib.

İtaliyalı deputat Aurora Floridiadan fərqli olaraq, serbiyalı deputat Biljana Pantiç Pilja Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan bu debatların keçirilməsinin “xüsusi mənasının” olmadığını qeyd edib. “Hesab edirəm ki, Avropa Şurası Parlament Assambleyası dialoq üçün meydança olmalıdır. Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan belə təşəbbüs çətin ki bəyan edilmiş məqsədlərə çatmağa kömək etsin”, - o deyib. O, Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi barədə qərarı “faydasız və əks-məhsuldar” adlandırıb. Serbiyalı digər deputat Elvira Kovaks, türkiyəli deputat Zeynəb Yıldız, italiyalı deputat Elizabeta Qardini də Azərbaycanın Avropa Şurasına qayıtmasına tərəfdar olublar.

Müzakirəni yekunlaşdıran Liz Kristofersen qeyd edib ki, heç kim dialoqu bərpa etmək üçün qapıları bağlamayıb. Lakin hətta o - Azərbaycan üzrə məruzəçi Azərbaycanda təmaslara çıxış əldə edə bilmir. “Bunun nə ilə başa çatacağını söyləmək çətindir, amma Azərbaycan xalqının rifahı üçün dialoq qurmağa çalışmalıyıq. Avropa Şurası Parlament Assambleyası, Nazirlər Komitəsi və baş katib bu dialoqda koordinasiyalı şəkildə hərəkət edəcəklər. Sadəcə, bir neçə siyasi məhbusu azad etmək faydasızdır. Siyasi partiyalar, qeyri-hökumət təşkilatları və KİV haqqında məhdudlaşdırıcı qanunları dəyişdirmək üçün məcburi fəaliyyət planı hazırlanmalıdır. Yenilənmiş dialoqa bütün cəhdlər Avropa Şurasının prinsiplərinə əsaslanmalıdır".

Göründüyü kimi, bəzi deputatlar istisna, əksəriyyəti Azərbaycanı “topa tutub”, seçkilər, insan hüquqları, media azadlığı və digər sahələrdə olan vəziyyəti tənqid etməklə yanaşı, Bakıda həbsdə olan separatçı canilərin - Araik və digərlərinin müdafiəsinə qalxıblar.

Teleqraf.com xəbər verir ki, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə AŞ PA-nın Azərbaycana qərəzinin tükənmədiyini vurğuladı.

Hüquq müdafiəçisi bildirdi ki, qurum Azərbaycanı səsvermə hüququndan məhrum etdiyi üçün haqlı olaraq bu qərarı verən 76 avropalı deputat “arzuolunmaz şəxs” elan edib: “Cənab Prezident də çıxışlarında bildirdi ki, bizim səsvermə mandatımız bərpa olunsun, həmin şəxslər üzərindəki qərarı ləğv edə bilərik. AŞ PA isə deyir ki, biz sizə hər şey edək, amma siz cavab verməyin. Bu, absurd yanaşmadır. Nədənsə Ermənistan və digər ölkələrdəki insan haqlarının vəziyyəti AŞ PA deputatlarının yadına düşmür. O deməkdir ki, məqsədyönlü şəkildə bir siyasi kampaniya başladılıb”.

Ç.Qənizadə qeyd etdi ki, Şvabe və özü kimi erməni əlinə baxanlar istintaq altında olan hərbi caniləri müdafiə edirsə, bu faktın özü Avropa üçün rüsvayçılıqdır: “Deyək ki, ictimai fəallarla bağlı tənqidlər səsləndirilir. Hərçənd onların istintaqı gedir və məhkəmə qərarı da yoxdur, konkret maddələr üzrə ittiham olunurlar, bəs Bərdəni, Gəncəni bombalamaq əmri verdiyini özü bəyan edən Araiki necə müdafiə etmək olar? Azərbaycana qarşı Qarabağdakı mülki erməni əhalisini silahlanmağa Xankəndidəki mitinqdə çağırış edən Vardanyanı necə "siyasi məhbus" adlandırmaq olar? Avropalı deputatların ölkələrində belə terrorçu və separatçı cinayətkarlara münasibət heç də bizdən fərqlənmir. O halda, bizə gələndə bu həbsləri siyasiləşdirmək qərəzdən, böhtan atmaqdan xəbər verir. Hesab edirəm ki, hər bir platformada Azərbaycan bu məsələlərə etirazını çatdırmalıdır".

Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev qeyd etdi ki, ermənipərəst dairələr hərəkətləniblər. E.Musayev bildirdi ki, Azərbaycana zərbə vurmaq üçün fürsət tapıblar - COP29 ərəfəsində ölkəmizə qarşı çirkin, qərəzli bəyanatlar səsləndirilir. Deputatın fikrincə, məqsəd Azərbaycanı gözdən salmaqdır: “Onlar istəyirlər ki, marionet bir hakimiyyət formalaşdırsınlar və sonra daxili işlərimizə müdaxilə etsinlər. Bunu da görə bilməyəcəklər. Görün nə dərəcədə qərəzli və hikkəlidirlər ki, xalqın qanına əli batan terrorçuları "siyasi məhbus" hesab edirlər. Bu mövqe avropalı deputatların hansı “dəyər”lərə qiymət verdiyini nümayiş etdirir. Demokratiya, insan hüquqları barədə ağız dolusu danışan Şvabe kimilər terrorçulara qahmar çıxırlar. Biz buna qəti şəkildə etiraz edirik". E.Musayev dedi ki, son parlament seçkiləri şəffaf keçirilib, hansı məntəqələrdən şikayətlər də olubsa, Mərkəzi Seçki Komissiyası rəy verib: “O baxımdan AŞ PA-da oturan saxtakarlar, erməni lobbisinə xidmət edənlər Azərbaycanın işlərinə qarışa bilməzlər. Buna mənəvi haqları çatmır. Sadəcə, məsələ budur ki, bizə qarşı qərəzdən əl çəkmirlər. Və Qarabağın separatçı liderləri ilə Azərbaycandakı siyasi mövzuları qarışdırırlar”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər