Polşa konstitusiyaya görə, ölkə öz ərazisinə doğru istiqamətlənən raketləri vurmağa borcludur, amma NATO bunu qadağan edir.
Teleqraf.com xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radek Sikorski deyib.
“The Times”ın analitiki Edvard Lukas yazır ki, Rusiya NATO-nun sərhədyanı ölkələrində qorxu yaradır, bu dövlətlər isə ABŞ-ın qətiyyətsiz mövqeyinə görə məyusdurlar:
“Sərhəd bölgələrinin nümayəndələri deyirlər ki, ABŞ bir neçə il əvvəl Rusiyanın ciddi kiberhücumuna cavab olaraq Moskvada elektrik enerjisini qısa müddətə kəsib. İndi onlara qarşı tez-tez edilən hücumlara da güclü cavab verilməsini istəyirlər”.
Litva xarici işlər naziri Qabrielus Landsberqis soruşur ki, ABŞ-ın istədiyi vaxt real qırmızı xətlər çəkmək imkanı var, bəs bunu niyə NATO üçün edə bilmir?
Təhlilçi qeyd edir ki, Polşa, Baltikyanı və Skandinaviya ölkələri Ukraynanın qələbəsinə ümid eləsələr də, kəmiyyət baxımından üstün mövqedə olan Rusiyanın qalib gələ biləcəyindən qorxurlar:
“Müharibə necə bitir-bitsin, bir neçə ildən sonra Rusiya yeni müharibəyə hazır olacaq. NATO buna hazır deyil, kifayət qədər ehtiyatı, planı və silahı yoxdur. Buna görə də Polşa və regional müttəfiqləri tələsik ən pis duruma hazırlaşır, lazım gələrsə təkbaşına mübarizə aparacaqlar”.