Gürcüstan Rusiya hökuməti (Putin administrasiyası) tərəfindən idarə olunur.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.
Prezident hakim “Gürcü Arzusu” Partiyasını oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin nəticələrini saxtalaşdırmaqda ittiham edib.
Zurabişvili hesab edir ki, 2012-ci ildən hakimiyyətdə olan “Gürcü Arzusu” Rusiyadakı kimi hədə-qorxu taktikası əsasında kampaniya aparır.
“Bu, sıradan seçki deyil, Avropa gələcəyi ilə Rusiyanın keçmişi arasında seçimdir”, - Zurabişvili bildirib.
Onun sözlərinə görə, hakim siyasi qüvvənin addımları Gürcüstanın Avroatlantik məqsədlərinə ziddir.
“Gürcü Arzusu” da öz növbəsində prezidenti Qərbin maraqlarına xidmətdə ittiham edir. Hakim komandaya görə, “xarici agent” olan Zurabişvili bu səbəbdən Qərbə bağlı radikal müxalifəti dəstəkləyir.