15 Oktyabr 19:57
3 456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistan tərəfi növbəti dəfə “sülh qovşağı”nı gündəmə gətirib. Rəsmi İrəvanın Zəngəzur dəhlizinə qarşı belə bir gediş etdiyi iddia edilir. Sizcə, bu, hansı arqumentə əsaslanır?

- Azərbaycana qarşı Ermənistan tərəfindən təcavüz siyasəti başlayandan regionda olan dəmir yolu şəbəkəsi yarım mühasirə vəziyyətinə düşüb. İrəvan-Tiflis dəmir yolu işləsə də bu daşımalar kiçik həcmdədir. I Qarabağ müharibəsinə kimi Horadizdən Mincivana dəmir yolu şəbəkəsi var idi. Müharibədən sonra erməni tərəfi bu yolu söküb, dəmir relsləri İrana satdı. Mincivandan Ordubada qədər olan Meğri dəmir yolunu da ermənilər söküb satıb. Ağstafa-Dilican dəmir yolunun da aqibəti eyni olub. İndi isə başa düşüblər ki, iqtisadiyyatı dirçəltmək üçün mütləq dəmir yolu lazımdır. Azərbaycan bununla bağlı təkliflər irəli sürüb.

- Söhbət Zəngəzur dəhlizindən gedir...

- Bakı Meğridən keçən Zəngəzur dəhlizinin açılmasını istəyir. Bunun qarşılığında isə Ermənistana alternativlər təklif edilir. Ermənistanın Rusiyaya, Şərqə, Mərkəzi Asiyaya çıxışı üçün Azərbaycan da dəmir yolu xətti təklif edir. Hətta Naxçıvan üzərindən İrana keçid də mümkündür. Bununla da Trans-Xəzər dəmir yolu ilə Çin malları Avropaya çatdırılacaq. Həmçinin əks istiqamətdə də Avropa mallarını daşımaq mümkün olacaq. Xəzər üzərindən Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistandan keçməklə real şəbəkə mövcuddur. Burada güclü, təşkilati, inzibati maliyyələşmə işləri apaılır. Artıq Avropa İttifaqı Mərkəzi Asiya ölkələrinə bunun üçün 10 milyard dollar vəsait ayırıb. Bu vəsaitlə mövcud dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi planlaşdırılır. Azərbaycanda da nəzərdə tutulan gəmi bərələrinin tikintisi ilə bağlı maliyyələşmə olacaq. Bununla da qatarlar həmin bərələrlə Aktaudan Ələtə gətiriləcək. Hazırda bu istiqamətdə bir dəmir yolu xətti mövcuddur. Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən bu daşımalar ediləcək.

- Dəhlizin açılması region üçün nə kimi imkanlar yarada bilər?

- Zəngəzurdan keçəcək dəhliz açılsa, Ordubada, buradan Ermənistana, daha sonra isə Naxçıvana, İrana qədər uzanacaq dəmir yolu şəbəkəsindən söhbət gedir. Artıq Mərkəzi Asiya dövlətlərinin başçıları Çin ilə bu məsələdə razılaşıb. Rusiyanın da bu şəbəkəyə qoşulması mümkündür. Beləliklə, Rusiyanın məlum sanksiyalardan yan keçərək bu prosesdən divident əldə etməsi mümkündür. Bununla da Cənubi Qafqazda dəmir yolu şəbəkəsi işə düşəcək. Bütün bunlar isə Meğri dəmir yolunun, yəni Zəngəzur dəhlizinin açılması ilə reallaşacaq.

- Niyə İrəvan bu qədər imkanlardan imtina edir?

- Ermənistanı blokadadan çıxara biləcək layihədən imtina etməsi gülüş doğurur. Moskvada son görüşdə isə Nikol Paşinyan buna hansı halda razı olacağını bildirdi. Bir müddət öncə isə Paşinyan Tiflisdə “sülh qovşağı”ndan danışdı. Əslində bu absurd bir məsələdir. Onların iddiasına görə, yüklər Hind okeanından İrana gələcək və buradan dəmir yolu ilə Ermənistanla sərhədə çatdırılacaq. Ermənistanın cənubundan isə Gürcüstana qədər çəkiləcək dəmir yolu ilə bu yüklər Qara dəniz limanlarına daşınacaq. Faktiki olaraq Ermənistanın Zəngəzurda İranla 44 km sərhədi var. Artıq burada yeni bir körpü tikməyə başlayıblar. Amma bu körpü ilə iş bitmir. Dəmir yolunun İrəvana qədər getməsi üçün yüksək dağların altından keçən tunellər çəkilməlidir. Bu isə olduqca baha başa gələn bir məsələdir. Çin və Avropanın burada 5-10 milyard dolları havaya sovurmaq fikri yoxdur. Xarici banklar isə bu layihəyə pul ayırmayacaq. Bura təhlükəsizlik əsas götürülür.

- Çıxış yolu nədən ibarətdir?

- Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri bağlıdır. Sülhün əldə edilməsi imkanı isə hələ ki yoxdur. Bu şəraitdə isə xarici banklar Ermənistana kredit verməyəcək. Bunun əvəzinə isə 44 km-lik Zəngəzur dəhlizindən keçən dəmir yolunun çəkilməsi daha asan və tez başa gələcək bir layihədir. Bunun pulunu Avropa İttifaqı verməyə hazır idi. Buradan dəmir yolu çəkilsə, Azərbaycan və Ermənistana məxsus yük qatarları istifadə edə biləcək. Üstəlik İran da bu yoldan istifadə edəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər