Ermənistan hökuməti sülh müqaviləsinin qalan üç bəndi üzrə Azərbaycanla razılaşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” yazır.
“Hökumət rəsmilərinin dünənki bəyanatları onu deməyə əsas verir ki, Bakı və İrəvan sülh sazişinin digər bəndləri üzrə də razılığa gəlib. Cenevrədə keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı parlamentin spikeri Alen Simonyan bildirdi ki, Ermənistan və Azərbaycan sülh müqaviləsi üzrə razılığa gəlmək ərəfəsindədir: “Məmnuniyyətlə bildirmək istəyirəm ki, bu gün biz 16 bənd üzrə razılığa gəlmişik”, - məlumatda deyilir.
Həmçinin nəşr iddia edir ki, Ermənistan Baş naziri Nikol Paşinyan qalan maddələrin razılaşdırılması üçün Azərbaycan Prezidenti İlham Əliyevə yeni təklif verib:
“Təxminən iki həftə əvvəl Nikol Paşinyan parlamentdə 16 bənddən ibarət sazişin 13 bəndinin razılaşdırılmasından danışmışdı. İndi Simonyanla yanaşı, parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan da dünən Paşinyanın Əliyevə müqavilənin qalan maddələrini razılaşdırmaq üçün xarici işlər nazirləri arasında ikigünlük görüş təklif etdiyini açıqlayıb. Onun sözlərinə görə, bu baş versə, Bakıda keçiriləcək COP29-dan əvvəl Azərbaycan və Ermənistan liderləri sazişi imzalaya bilər”.
Eyni gündə İrəvandan verilən iki mesajın ziddiyyətli olduğu göz önündədir. Simonyan “tam razılaşdıq” deyir, Xandanyan Paşinyanın qalan bəndlərlə bağlı hansısa təklifindən danışır. Görünən budur ki, Simonyana Cenevrədə Ermənistanın adından “sülh göyərçi”ni kimi görünmək tapşırılıb, bu yanda isə Xandanyan jurnalistlərə “qəfil” yaxalanıb deyə, söz xatirinə nəsə deyib.