Rusiya lideri Vladimir Putinin hazırkı qələbə nəzəriyyəsi münaqişənin uzadılmasına yönəlib və dağıdıcı müharibədə qalib gələ biləcəkləri inamına əsaslanır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
“Putin və Rusiya hərbi komandanlığı bütün əməliyyatlar meydanında təşəbbüsün saxlanmasını strateji prioritet hesab edir. Uzunmüddətli hücum əməliyyatlarına dözümlü olduqlarını göstərirlər. Nəticədə planlaşdırılmış əməliyyatlarla məqsədlərindən uzaq, tədricən, sürünən irəliləyişlər əldə edirlər”, - ISW analitkləri bildirirlər.
Rusiya ordusu hazırda Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrdən gələn təhlükəni aradan qaldırmağa, həmçinin şərq cəbhəsində hücumu davam etdirməyə, çoxdankı əməliyyat məqsədlərinə nail olmağa çalışır.
ABŞ analitikləri əmindirlər ki, Rusiyanın Pokrovsk şəhəri istiqamətində və Donetsk vilayətinin qərbində gücləndirilmiş hücumu yaxın aylarda kulminasiya nöqtəsinə çatacaq.
Kreml bütün əməliyyatlar meydanında təşəbbüsü saxlamaq və Ukrayna ordusunu tükəndirmək məqsədi daşıyan ümumi strateji səylərə öz qüvvələrini cəlb etməyə davam edəcək.
“Putinin qələbə nəzəriyyəsi Rusiya ordusunun ardıcıl və intensiv hücum əməliyyatlarını davam etdirməsinə əsaslanır. Ancaq bu ağır hücumlar Rusiyanın durumunu canlı qüvvə və texnika baxımından pisləşdirəcək, nəticədə rus qoşunları ən azı cəbhənin müəyyən ərazilərində hücumun sürətini azaltmağa məcbur olacaqlar. Bu, Ukrayna Silahlı Qüvvələrinə rəqabət aparmağa və bu ərazilərdə təşəbbüsü ələ keçirməyə imkan verəcək”, - ABŞ institutu qeyd edir.