ABŞ-da prezident seçkilərində Donald Trampın qələbəsi Avropa İttifaqını (Aİ) Amerika ilə ticarət müharibəsi təhlükəsi qarşısında qoyur.
Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” yazır.
Nəşr qeyd edir ki, Tramp seçki kampaniyası zamanı Çindən gələn bütün mallara 60%-lik tariflər, eləcə də digər ölkələr, xüsusən də Avropadan gələn mallara 10-20%-lik rüsum tətbiq edəcəyini vəd edib.
Aİ rəsmiləri Trampın 2018-ci ildə Avropadan polad üçün 25%, alüminiuma isə 10% rüsum tətbiq etməklə ticarət müharibəsinə necə başladığını xatırlayırlar. Onun ikinci müddətinin bu baxımdan daha pis keçəcəyi gözlənilir. Avropalıları ən çox narahat edən Aİ-nin ABŞ-ın mayeləşdirilmiş təbii qazından daha çox asılı olmasıdır.
Avropa rəsmiləri və diplomatları bildirirlər ki, Aİ Trampın danışıqlara məcbur etmək üçün tətbiq etdiyi istənilən tariflərə tez və sərt cavab verməyə hazırdır. Hazırda Trampa əməkdaşlıq təklifləri göndərilir, həmçinin onun mümkün qeyri-dost hərəkətlərinə cavaba hazırlaşırlar.
“Biz transatlantik kommersiya diplomatiyasında daha aqressiv tona, bəlkə də məcburi səylərə hazırlaşmalıyıq”, - ODI beyin mərkəzinin baş eksperti Devid Kleyman deyib.
Kil Dünya İqtisadiyyatı İnstitutunun fikrincə, Tramp həqiqətən də idxala böyük rüsumlar tətbiq etməyə başlasa, bu, ciddi iqtisadi itkilərə səbəb olacaq. Xüsusilə, Avropa İttifaqının ÜDM-i 0.5%, Almaniyanınkı isə 3.2%-ə qədər azala bilər. Çinin itkilərinin daha çox olacağı proqnozlaşdırılır.
“Amerika Aİ məhsullarına əsassız tariflər tətbiq edərsə, buna hazırıq və reaksiya verəcəyik. Əgər Tramp elan etdiyi tarif fantaziyaları ilə davam etsə, biz onu reallığa qaytaracağıq və özümüzü müdafiə edəcəyik”, Avropa Parlamentinin komitə sədri Bernd Lanq vurğulayıb.