İlkin nəticələrə görə, Respublikçılar Partiyasının namizədi Donald Tramp ABŞ prezidenti seçilib. Tramp da artıq özünü Amerikanın 47-ci prezidenti elan edib. Maraqlıdır, Demokratlar Partiyasının namizədi Kamala Harris niyə uduzdu, amerikalılar nədən onun rəqibinə üstünlük verdilər?
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Teleqraf.com-un bu suallarını cavablandırıb.
Onun fikrincə, Co Bayden administrasiyasının yürütdüyü siyasət nəticələrə təsir edib:
“Bunun bir neçə səbəbi var. Əslində, buna Trampın xeyrinə yox, Demokratların əleyhinə olan səsvermə kimi də baxmaq olar. Çünki ötən dövr ərzində ABŞ-da Bayden administrasiyasının daxili və xarici siyasəti o qədər də dəstəklənmirdi. Bu baxımdan, sanki Trampa bir şans verilir ki, üst-üstə yığılmış bu səhvləri düzəldib, ABŞ adına daha balanslı siyasət həyata keçirsin. Başqa sözlə, hiss olunur ki, seçicilər indiki administrasiyasının siyasətini dəstəkləmirlər”.
Bəs Trampın Azərbaycan və bölgəyə münasibəti necə olacaq?
Zülfüqarov ABŞ-ın yeni prezidentinin qarşıdakı hakimiyyət dönəmindən ikitərəfli əlaqələrlə bağlı müsbət dinamika gözləyir:
“Tramp məsələlərə daha realist bucaqdan baxır, yəni hansısa ideoloji konsepsiyaların əsasında yox. O, siyasəti daha çox real vəziyyət və ABŞ-ın maraqlarını nəzərə alaraq, həyata keçirməyə üstünlük verir. Bilirsiniz ki, Tramp həyatı boyu bizneslə məşğul olmuş adamdır. Buna görə də, məsələləri daha çox real əsaslarla qiymətləndirir.
Bəzi analitiklər bu kimi amilləri nəzərə alaraq söyləyirlər ki, Tramp Azərbaycan və ya Cənubi Qafqaz, eləcə də Mərkəzi Asiya siyasətini real durum və ABŞ-ın maraqları əsasında qura bilər. Bu amil götürülsə, ABŞ yeni dönəmdə Azərbaycanla münasibətləri daha praqmatik əsasda quracaq. Digər yandan, Trampın bu və ya digər lobbi qruplarından asılılığı o qədər də böyük deyil.
Bunları nəzərə alaraq söyləmək olar ki, Tramp əsasən ABŞ-a xeyir gətirəcək siyasətin tərəfdarı ola bilər. Bu da bizim üçün böyük şanslar yaradır. Əlbəttə, gələcək durumun necə olacağını indidən demək çətindir. Hər halda, onun birinci hakimiyyət dönəmində bu amillər ön plandaydı, bunların qarşıdakı dövründə də qalacağını düşünürəm”.