Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 2024-cü il üçün kiçikhəcmli gəmilərə texniki baxış cədvəlinə uyğun olaraq nəzarət tədbirlərini davam etdirir.
Bu barədə Teleqraf.com-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, Xidmət tərəfindən Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində, həmçinin Şəmkir və Mingəçevir su anbarlarının sahillərində kiçikhəcmli gəmilərə texniki baxış keçirilib. Baxış zamanı gəmilərin texniki sənədləri, onların yük və sərnişingötürmə qabiliyyəti üzrə texniki tələb və normaları, mühərriklərin gücü və sayı, üzmə rayonu, suüstü bortun minimal hündürlüyü, gəminin üzə biləcəyi dalğa hündürlüyü, xilasetmə və yanğın əleyhinə vasitələr, naviqasiya və digər avadanlıqlarla təchizatı yoxlanılıb.
Qeyd edək ki, texniki baxışın keçirilməsi üçün ərazi üzrə ümumilikdə 75 qayığın sahibindən müraciət daxil olub. Texniki baxış nəticəsində norma və tələblərə cavab verən sözügedən vasitələrinin sahiblərinə üzməyə icazə verən texniki talon təqdim olunub, tələblərə cavab verməyən 19 qayığın isə istismarına qadağa qoyularaq istismara yararsızlıq barədə akt tərtib edilib.
Hazırda FHN tərəfindən kiçikhəcmli gəmilərin texniki vəziyyətinin qiymətləndirilməsi davam etdirilir.