14:52
1 573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Azərbaycandan başqa digər türk dövlətləri Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına (TDT) tamhüquqlu üzvlüyünə ehtiyatla yanaşırlar.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin fikrincə, həmin ölkələr yaxın gələcəkdə bu yöndəki yekun qərarlarını açıqlamalıdırlar:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TDT-nin Bişkəkdə keçirilən toplantısında iki gözləntisini ortaya qoyub. Türkiyə lideri Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistanın qısa zamanda təşkilata tamhüquqlu üzv olması istəyini bildirib.

Şimali Kiprlə bağlı qərar üzv dövlətlərin istəyindən asılıdır. Türkiyə və Azərbaycandan başqa digər türk dövlətləri Şimali Kipr Türk Cümhuriyyətinin təşkilata tamhüquqlu üzvlüyünə hələlik ehtiyatla yanaşırlar. Şimali Kipr Prezidenti Ərsin Tatar Şuşadakı toplantıdan sonra ikinci dəfə Bişkəkdəki toplantıya müşahidəçi statusunda qatılıb.

Mərkəzi Asiya ölkələri Şimali Kiprin müşahidəçi statusuna etiraz etmirlər. Ancaq Ankara və Lefkoşa tam üzvlük istəyir. Əslində, Kiprin TDT-yə tamhüquqlu üzvlüyünə görə Mərkəzi Asiya ölkələrini təhlükə gözləmir. ABŞ və ya Avropa İttifaqı dövlətləri bu qərara görə region ölkələrinə sanksiya tətbiq etməz. Buna görə də Mərkəzi Asiyanın türk dövlətləri yaxın illərdə Kiprlə bağlı qərar verməli olacaqlar.

Türkmənistanın təşkilata üzvlüyü isə Aşqabadın qərarından asılıdır. Şimali Kiprdən fərqli olaraq, Türkmənistanın təşkilata üzvlüyünü qurumdakı dövlətlərin hamısı dəstəkləməyə hazırdır. Bu dəfə Türkmənistan tələsməməyə qərar verib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər