Gürcüstan hökumətinin xarici siyasət prioritetləri ərazi bütövlüyünün sülh yolu ilə bərpasına, suverenliyin möhkəmləndirilməsinə, sabitlik və təhlükəsizliyin təminatına, Gürcüstanın Avropa və avroatlantik strukturlara inteqrasiyasına və beynəlxalq tərəfdaşlarla münasibətlərin dərinləşdirilməsinə yönəldilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Tbilisidə keçirilən “Səfirlərin konfransı 2024: Müasir geosiyasi reallıqda Gürcüstanın xarici siyasət prioritetləri” adlı tədbirdə çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, qlobal siyasətin episentrində yerləşən bölgədə baş verən proseslər Gürcüstana ən ağrılı şəkildə təsir edir.
“Hazırkı şəraitdə Gürcüstanın maraqlarını qorumaq üçün bizə xüsusi ehtiyatlılıq və eyni zamanda cəsarət lazımdır”, - deyə XİN başçısı vurğulayıb.