Ukrayna Prezidenti Vladimir Zelenski azərbaycanlı həmkarı İlham Əliyevə telefon zəngi edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna lideri məlumat verib.
“Azərbaycan Prezidenti İlham Əliyevlə söhbət edib, Azərbaycan Hava Yollarının J2-8243 saylı təyyarəsində baş vermiş dəhşətli fəlakətlə əlaqədar ona və Azərbaycan xalqına başsağlığı verdim. Pilotlar və təyyarənin bütün heyətinin qəhrəmanlığını qeyd etdim.
İndi əsas prioritet baş verənlərlə bağlı bütün suallara cavab verəcək hərtərəfli araşdırmadır. Rusiya aydın izahat verməli və dezinformasiya yaymağı dayandırmalıdır. Foto və videolarda təyyarənin gövdəsinin zədələnməsi, o cümlədən hava hücumundan müdafiə raketinin zərbəsinə çox bənzəyən dəliklər və əyilmələr aydın şəkildə əks olunub.
Biz bu vəziyyətdə Azərbaycanı bütün lazımi vasitələrlə dəstəkləyəcək və digər ölkələri də yardım etməyə çağıracağıq. Bundan əlavə, yaxın vaxtlarda ikitərəfli əlaqələri intensivləşdirmək barədə razılaşdıq”, - dövlət başçısı qeyd edib.