28 Dekabr 13:33
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Doğrusu, "Qırxdan sonra..." qısametrajlı filmi çəkəndə başa düşdüm ki, artıq nəsə öyrənmişəm. Sanki bundan öncə çəkdiyim iki tammetrajlı filmdə təcrübə qazanırammış. Gərək öncə qısametrajlı film çəkib sonra tammetrajlıya keçərdim. Səhv etmişəm. Həmişə olduğu kimi daha mürəkkəbdən başlamışam”.

Bunu Teleqraf.com-a “Köhnə çamadanlar”, “Ər quyusu”, “Qırxdan sonra...” filmlərinin rejissoru Saida Haqverdiyeva etiraf edib.

Qırxdan sonra nə olur?

“Göz yaşları, kədər... Amma dünyada belə bir fikir də var ki, qadınların 40-dan sonra yaşamaq və yaratmaq eşqi artır. Təəssüf ki, bizdə belə deyil, 40-ı adlayan kimi sənə artıq qocalmış kimi baxırlar. Sənətlə məşğul olan xanımlardan tez-tez bunu eşidirəm: “40 yaşımıza kimi heç nə edə bilmədik, 40-dan sonra nə edəcəyik?”

“Qırxdan sonra...” qısametrajlı filmdə biz bu problemləri, şikayətləri ekrana gətirdik. Xüsusi qeyd edim ki, filmin ideya müəllifi Sevda Sultanovanındır. O, ideyanı danışanda soruşdum ki, bunu nə edək? Dedi, film olmasını istəyirəm. Oturub ətraflı müzakirə etdik, ssenari halına gətirdik, sonra altı saata filmi çəkdik.

Filmi dostumun evində çəkəsi olduq: getdik, çəkiliş məkanını hazırladıq, söhbətlərimizi ekranlaşdırıb qayıtdıq. Bu qədər...”

"Çox ağlamışdım"

“Özüm bütün inanclara qarşı 40 yaşımı qeyd etmişəm. Amma etiraf edim ki, həmin vaxt çox ağlamışdım.

Kimsə soruşanda deyirdim, 39 yaşım var. 40 yaşım olduğuna inana bilmirdim. Amma indi xoşbəxtəm, nə yaxşı ki, bu yaşı görmüşəm. İndi hamıya deyirəm ki, 96 yaşa kimi yaşayacam”.

"Heç kimə pul vermədik"

“Həmişə filmlərimi öz büdcəmlə çəkirəm. Öz pulum olmayanda dostlarımı banklara aparıb kredit götürürəm. Bu dəfə isə fərqli oldu, aktrisalarımız sağ olsunlar qonorar almadılar. Heç kimə pul vermədik.

İlk dəfədir, həyat yoldaşımın (Kukla Teatrının direktoru Rəşad Əhmədzadə - red.) gözünə dik baxa bilirəm”.


Müəllif: Nərmin

Oxşar xəbərlər