Rusiya tərəfinin təşəbbüsü ilə Vladimir Putinlə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dövlət başçıları dekabrın 25-də Aktau şəhəri yaxınlığında göyərtəsində Rusiya və Qazaxıstan vətəndaşlarının da olduğu Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı veriblər. Tokayev bildirib ki, hadisənin bütün təfərrüatlarını araşdıran Qazaxıstan hökumət komissiyası təyyarənin qəzaya uğradığı yerdə tapılan uçuş qeydlərinin deşifrə edilməsinə Rusiya, Azərbaycan və Braziliyadan olan ekspertləri cəlb edəcək.
Qazaxıstan Prezidenti Vladimir Putinə MDB-nin qeyri-rəsmi sammiti və bu yaxınlarda Leninqrad vilayətində keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclası zamanı göstərilən qonaqpərvərliyə görə təşəkkür edib.
İki ölkə liderləri həm Azərbaycan təyyarəsi ilə baş vermiş faciəvi insidentin bütün hallarının araşdırılması ilə bağlı məsələlər, həm də Rusiya-Qazaxıstan əməkdaşlığının gələcək inkişafının aktual məsələləri üzrə daimi təmasda olacaqlar.