Avropa İttifaqının 16 ölkəsindən olan yüzlərlə fermer Brüsseldə Avropa Parlamentinin binası qarşısında etiraz aksiyası keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, onlar süd istehsalına qoyulan kvotaların ləğvi ilə bağlı Avropa İttifaqının qərarının qüvvəyə minməsinə qarşı çıxıblar. Aksiya iştirakçıları kənd təsərrüfatı texnikalarını parlamentin qarşısındakı meydana çıxararaq binanın önündə Avropa İttifaqının bayrağını yandırıblar.
Nəhəng transmilli şirkətlərin təzyiqi altında müflisləşməkdən qorxan etirazçılar alış qiymətlərinin saxlanılması ilə bağlı tədbirlər görülməsini tələb ediblər. Onlar kvotaların ləğvinin heç bir fermer üçün sərfəli olmadığını bildiriblər.
Avropa Parlamentinin üzvü Joze Bove isə kvotaların ləğvinin ölkədə süd və süd məhsullarının qiymətini ucuzlaşdıracağını deyib: “Xırda fermalar olmasa, Avropada iri süd təsərrüfatları meydana gələcək. Onlar da sadəcə olaraq, sənayeni xammalla təchiz edəcək”.
Qeyd edək ki, Avropa İttifaqında süd istehsalına kvotalar 30 il əvvəl tələb təklifi üstələdiyi zaman tətbiq olunub. Hazırda isə Rusiyanın idxala qoyduğu embarqo səbəbindən tələbat kəskin şəkildə aşağı düşüb.
Samir