Praqada “Antisemitizmə qarşı mədəniyyətlə” devizi altında XII Xoşməramlı yürüşdə yüzlərlə insan iştirak edib. Frans Kafka meydanından başlayan yürüş iştirakçıları mahnıların müşayiəti və trubanın sədaları altında Praqa küçələrindən keçiblər. Yürüşə əlil arabasında oturan aktyor Yan Potmeşil başçılıq edib.
Palaxa meydanında Holokost qurbanlarının xatirəsi anılıb. Valdşteyn bağında toplaşan yürüş iştirakçıları qarşısında Holokost hadisələrinin bilavasitə şahidləri çıxış ediblər. Qüds Beynəlxalq Xristian Elçiliyinin təşkilatçılığı ilə keçirilən aksiya Avropada antisemitizmin güclənməsinə biganə qala bilməyən vətəndaşları səfərbər etmək məqsədi daşıyıb.