Avropa İttifaqı (Aİ) Rusiya ilə "əməli münasibətlərini" bərpa etməlidir və ABŞ-a bu məsələdə diktə etməyə imkan verməməlidir, Avropa Komissiyasının başçısı bəyan edib.
Jean-Claude Juncker ABŞ prezidenti Barack Obamanın Rusiyanı sadəcə "məhəlli əhəmiyyətə malik bir ölkə" kimi qələmə verməsini tənqid edib. "Rusiya ilə ona uyğun rəftar olunmalıdır," Almaniyada səfərdə olan Jean-Claude Juncker deyib.
"Biz Rusiya ilə əməli münasibətlər istiqamətində səy göstərməliyik, biz indiki minvalla davam edə bilmərik", Almaniyanın Passau şəhərində Avropa Komissiyasının başçısı bildirib.
Passau şəhəri Almaniyada sığınacaq axtaran qeyri-Aİ miqrantları üçün əsas tranzit qovşağına çevrilib. Jean-Claude Juncker-in Almaniyaya səfəri miqrant axını ilə bağlı Aİ-nin gördüyü tədbirlərlə bağlıdır.
Aİ-Rusiya münasibətlərindəkı hazırkı gərginliyə toxunan Avropa Komissiyasının başçısı deyib ki, "biz Rusiya ilə münasibətlərimizi Vaşinqtonun müəyyən etməsinə imkan verə bilmərik".
Eyni zamanda Jean-Claude Juncker Rusiyanın siyasətini "ciddi" təftiş etməyə də çağırıb. "Onların Krım və şərqi Ukraynada atdıqları addımlar qəbuledilməzdir", Avropa Komissiyasının rəhbəri deyib.