26 Noyabr 2015 23:36
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hökuməti Rosselxoznadzor dövlət agentliyinə Türkiyədən idxal edilən kənd təsərrüfatı və ərzaq mallarına sərt nəzarətin tətbiq edilməsini tapşırıb, kənd təsərrüfatı naziri Aleksandr Tkaçovun bəyanatında deyilir.

Nazirliyin saytındakı məlumata əsasən Rosselxoznadzor gömrük və Türkiyədəki istehsal yerində əlavə yoxlamalar keçirməlidir. Əlavə nəzarətə səbəb türkiyəli istehsalçılar tərəfindən Rusiya keyfiyyət normalarının pozulmasıdır, Rusiya nazirliyi qeyd edib.

Rusiya mətbuatı bildirir ki, gömrük xidməti Türkiyə mallarının 100 faizini nəzarət məntəqələrinə göndərir. Bundan əvvəl Rusiya Türkiyədən gətirilən toyuq ətinə qoyulmuş qadağanın siyasi motivli olmadığını bildirib.

Bir neçə Türkiyə şirkətinin məhsuluna idxal qadağasının tətbiqi barədə xəbəri Rosselxoznadzor nəzarət qurumuna istinadən TASS agentliyi çərşənbə günü yayıb.
"Dünənki insidentdən xeyli əvvəl Türkiyədəki bir neçə şirkətdən toyuq ətinin gətirilməsi yasaqlanıb”, - noyabrın 25-də Rusiya nəzarət qurumunun nümayəndəsi Yuliya Melano deyib.

Bundan əvvəl sabiq ictimai səhiyyə xidmətinin rəhbəri və baş nazirin müşaviri deyib ki, Türkiyə mallarını alanlar müəyyən dərəcədə Türkiyə hərbiyyəsini dəstəkləyirlər. "Hamı başa düşür ki, Auchan və yaxud da bazarda alınmış hər bir pomidor bizim uşaqlara atılan növbəti raketin alınmasına töhfə verir”, - Gennadi Onişşenkonun sözlərindən rəsmi RİA Novosti agentliyində iqtibas gətirilir.

Rosselxoznadzor agentliyi türkiyə mallarında insan sağlamlığı üçün təhlükəli maddələrin aşkarlandığını bildirib. Rusiya bazarındakı tərəvəzin 20 faizi Türkiyədən idxal olunur. Moskva ilə Ankara arasında münasibətlər çərşənbə günü Türkiyə tərəfindən Suriya sərhədi yaxınlığında Rusiya təyyarəsinin vurulmasından sonra gərginləşib.


Müəllif: