Rusiya İqtisadi İnkişaf Nazirliyi Türkiyəyə qarşı sanksiyalar siyahısının genişləndirilməsi üçün yeni layihə hazırlayıb.
Teleqraf.com xəbər verir ki, "Kommersant" qəzeti Rusiya Baş naziri Dmitri Medvedevin tapşırığı ilə Ankaraya qarşı "xüsusi iqtisadi tədbirlər" çərçivəsində hazırlanan layihəni yayımlayıb.
Layihədə türk şirkətlərinin nəzarəti altında olan bütün işlərin qadağan edilməsi nəzərdə tutulub. Söhbət tikinti, turizm və mehmanxana xidmətləri, eləcə də ağac emalı və rus pilotların Türkiyədə təlimi məsələlərindən gedir. Həmçinin, sanksiyalar rusiyalı hüquqi və fiziki şəxslərin türkiyəli həmkarları ilə yeni müqavilələr bağlamasını da qadağan edir. Rusiyalı ekspertlərin fikrincə, bu qadağalar Rusiya iqtisadiyyatına cüzi təsir göstərəcək.
Qeyd edək ki, noyabrın 24-də Rusiyaya məxsus Su-24 qırıcısının Türk F-16-ları tərəfindən vurulması iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Rusiya prezidenti Vladimir Putinin noyabrın 28-də imzaladığı əmrə əsasən, Rusiya Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib. Bura türk mallarının Rusiyaya idxalı, Türkiyə vətəndaşlarının işə götürüməsi və s. məsələlər daxildir.
Samir