2014-cü ilin sentyabrından başlayaraq İŞİD hədəflərinə hücumlar təşkil edən ABŞ, terror təşkilatlarıyla mübarizə çərçivəsində yeni bir addım atmağa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə "New York Times" qəzetində məlumat yer alıb.
Pentaqon “Ağ Ev”ə cənub-şərqi Asiya, Afrika və Yaxın Şərqdə bir sıra yeni baza qurulmasını nəzərdə tutan plan təqdim edib. Xəbərə görə, hərbi bazalarda 5 min şəxsi heyət xidmət edəcək. Bazaların qurulmasının məqsədi kəşfiyyat məlumatları toplamaq və terror təşkilatlarının ucqar bölgələrdəki qolları ilə mübarizə aparmaqdır.
Bazalarda həmçinin xüsusi təyinatlı qoşunlar və terrorizmlə mübarizə əməliyyatlarında iştirak edən agentlər olacaq. Pentaqon təklif edilən bazaların 4 mərkəzi olacağı, Əfqanıstan və Cibutidəki mövcud hərbi bazaların da genişləndiriləcəyini bildirib. Həmçinin Niger və Kamerun kimi ölkələrdə də daha sadə hərbi bazaların yaradılması planlaşdırılır. Bazaların illik xərcinin bir neçə milyon dolları keçməyəcəyini söyləyən Pentaqon rəsmiləri onların qurulması üçün ev sahibi ölkələrdən də razılıq alınacağını qeyd edib.
Rəsmilərin fikirincə, hərbi bazalar İŞİD, Əl-Qaidə və digər terror təşkilatlarının regional təhdidlərinə qarşı bir mərkəzdən sistemlə şəkildə mübarizə aparmağa kömək edəcək. Pentaqonun illik büdcəsindən maliyyələşdiriləcək bazaların böyüklüyü isə regional təhdid nisbətinə görə müəyyən ediləcək.
Gündəlik 11 milyon dollarlıq xərc
ABŞ 2014-cü ilin avqustun 8-dən başlayaraq qurduğu koalisiya ilə İŞİD-ə qarşı mübarizə aparır. Təxminən 1,5 ildir əməliyyatlar zamanı gündəlik hərbi xərclərin 11 milyon dollar olduğu qeyd edilir.
Ramal