İsveç Riksdaqı krallıqda qüvvədə olan hüquqi normaları sərtləşdirən “Terrorizmə qarşı mübarizə haqqında” Qanun qəbul edib.
Parlamentin xüsusi bəyanatında bildirilir ki, yeni qanun 2016-cı il aprelin 1-dən qüvvəyə minəcək. Bu qanuna əsasən, terrorçu qruplaşmasına qoşulmaq məqsədilə xaricə gedən şəxsi iki il, terrorçuların məşq düşərgəsində təlim keçəni isə altı il müddətinə həbs cəzası gözləyir. Sənəd qanunsuz fəaliyyətin digər aspektlərinə də toxunur. Beləliklə, terrorçu qruplaşmalarını maliyyələşdirənə iki ilədək həbs cəzası düşür.
Qanunverici orqanın bəyanatında bir çox ölkələrdə vətəndaşların pasportlarının ləğv və ya müvəqqəti olaraq müsadirə edilməsi faktı da göstərilir. Bildirilir ki, bu təcrübənin terrorçuluq fəaliyyətində iştirak etmək üçün digər ölkələrə getməyə hazırlaşmaqda şübhəli bilinən və ya bu niyyəti həyata keçirməyə başlamış adamlarla bağlı İsveçdə tətbiqi də məqsədyönlü hesab edilir. Riqsdaq bu məsələ üzərində artıq işləməyə başlayıb.
Məlumatda qeyd olunur ki, İsveç parlamenti, ümumilikdə, terrorizmə qarşı mübarizədə dövlət hüquq sisteminin böyük rol oynamasına cəhd göstərir.
Qeyd edək ki, İsveçin təxminən 300 vətəndaşı digər ölkələrdə müxtəlif qruplaşmaların tərkibində vuruşmaq üçün ölkəni tərk edib. Bu adamların, eləcə də onlara rəğbət bəsləyənlərin taleyi ölkədə tez-tez müzakirə mövzusuna çevrilir. Yeni qanun bu cür əməllərin qarşısını almağa yönəlib.