Qırğızıstan və Özbəkistan sərhədində yerləşən Calsat bölgəsinin rəhbərliyinin səriştəsizliyi üzündən iki ölkə arasında münaqişə yaranıb. Özbəkistan bölgədən hərbi qüvvələrini geri çəkib.
Teleqraf.com xəbər verir ki, hələ 1930-cu ildə Özbəkistanın Fərqanə vadisində pambıq istehsalı inkişaf etdiyi üçün SSRİ bu bölgəyə güclü dəstək verib. 1940-cı ildə 660 hektarlıq Qırğızıstan ərazisi su hövzəsinin tikilməsi üçün Özbəkistana verilib. 1972-ci ildə su rezervləri genişləndirilib. Amma sovet imperiyası dağılandan sonra qırğızlar tarixi torpaqlarına iddia ediblər, amma özbəklər əraziləri qaytarmaq niyyətində olmayıb.
Qırğızıstan prezidenti Almazbek Atambayev sərhəddə ciddi problemlərin olduğunu, münaqişənin hər an alovlana biləcəyini diqqətə çatdırıb. Atambayev “Savaşa gərək yoxdur. Savaşı başlayan tərəf biz olmayacağıq. Ancaq hər zaman müqavimət göstərməyə hazırıq” deyib.
Qırğızıstanın sərhəd məsələsi üzrə məsul şəxsi Kurbanay İskəndərov ölkələsinin gücləndiyini və Özbəkistandan asılı olmadığını diqqətə çatdırıb.
Xatırladaq ki, SSRİ-nin süquta uğraması ilə keçmiş ittifaq respublikaları arasında iqtisadi və təsərrüfat əlaqələrinin vahid sistemi pozulub. Regionun əsas su resurslarına sahib Amudərya və Sırdərya çaylarının yuxarı hövzəsində yerləşən Qırğızıstan və Tacikistan aşağı hövzədə yerləşən Qazaxıstan, Özbəkistan və Türkmənistanın əkinçilik təsərrüfatını nəzərə almadan hidro qurğular tikməyə başlayıblar. Qırğızıstan qış aylarında elektrik stansiyalarının məhsuldar işləməsi məqsədi ilə artıq suyu çaylara buraxır. Nəticədə, qış aylarında Özbəkistan və Qazaxıstan torpaqları su altında qalır. Bu ölkələrdə isə əksinə, yaz-yay aylarında əkin sahələrinin suvarılması başlıca problemə çevrilir. Külli miqdarda texniki bitkilər – pambıq, qarğıdalı və s. istehsal edən bu regionun suya böyük ehtiyacı yay aylarında yaranır.
Son illər region ölkələri arasında su münaqişəsi daha da kəskinləşmişdir. 2012-ci ilin sentyabrında Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Qazaxıstana səfəri zamanı Tacikistanda Roqun və Qırğızıstanda Kambarat-1 SES-lərinin tikilməsindən və hər hansı böyük dövlətlə bu sahədə saziş imzalanmasından öncə beynəlxalq ekspertiza keçirilməli olduğunu bildirmişdir. Özbəkistanın dövlət başçısı 350 metr hündürlüyündə Roqun SES və 275 metr hündürlüyündə Kambarat-1 SES-in tikilməsinin regionda ekoloji fəlakətə yol aça biləcəyini qeyd etmiş və problemin hətta müharibəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdir. Regionda vəziyyəti gərginləşdirən əsas amil isə iri dövlətlərin müdaxiləsidir. Rusiya, ABŞ və Çin öz maraqlarına uyğun oyun oynayır, SES-lərin tikintisinə investisiya qoyur, kredit ayırırlar. Su artıq regionda ən həssas məsələdir, diplomatiya və siyasi təzyiq üçün əsas alətdir. Tərəflərdən hər hansı birinin kəskin addımı isə münaqişənin müharibə ilə əvəzlənməsinə aparıb çıxara bilər.
Ayxan