Ermənistan prezidenti Serj Sarkisyanla paytaxt Berlində görüşən Almaniyanın kansleri Anqela Merkel görüşdən sonra keçirdiyi mətbuat konfransında “soyqırımından” danışıb. ANS PRESS-in məlumatına görə, Merkel 1915-ci il hadisələri barədə iddia edilən qondarma soyqırımı layihəsinin parlamentdə müzakirəyə çıxarılacağını deyib.
Sarkisyanla Türkiyə-Ermənistan münasibətlərini müzakirə etdiklərini deyən Merkel bu münasibətlərin yenidən canlandırılmalı olduğunu bildirib. Almaniya kansleri həmçinin Azərbaycanla Ermənistan arasındakı münaqişənin sülh yoluyla həll edilməsinin vacibliyini vurğulayıb.
Jurnalistlərdən birinin, “Gələn həftə 1915-ci il hadisələri barədə iddia olunan “soyqırımı” layihəsi Almaniya parlamentində müzakirəyə çıxarılacaq. Bu məsələdə Türkiyənin reaksiyalarını nəzərə almısınızmı?” – sualına Merkel indidən heç nə deməyə ehtiyac olmadığını qeyd edib.
“Bu layihənin növbəti dəfə parlamentdə müzakirəyə çıxarılacağı səsvermə keçiriləcəyi düzdür. Türkiyə də bunu yaxından izləyir. Bu mövzuda indidən heç nə deməyə ehtiyac yoxdur.” – deyə Merkel cavab verib.
Türkiyə ilə Avropa İttifaqı arasında olan miqrant razılaşmasını dəyərləndirən Ermənistan prezidenti Serj Sarkisyan isə ölkəsinin Suriyadan 20 min qaçqın qəbul etdiyini iddia edib. Miqrant probleminin ölkəsinə təsirsiz ötüşmədiyini deyən Sarkisyan Suriyada ermənilərin də yaşadıqlarını bildirib.
Qeyd edək ki, bir müddət əvvəl müxtəlif ölkələrə aid KİV-lərdə rəsmi İrəvanın suriyalı qaçqın erməniləri Dağlıq Qarabağa yerləşdirdiyi xəbəri yayılmışdı.
Ötən ilin oktyabrında qondarma erməni soyqırımının Bundestaqda müzakirəsi təxirə salınmışdı. Bu ilin fevral ayında isə Yaşıllar partiyası tərəfindən Almaniya parlamentinin müzakirəsinə təqdin edilən qondarma soyqırımı qətnamıəsi natamam olduğu üçün geri qaytarılmışdı.