İranda narkotik maddələrin qaçaqmalçılığında və qəsdən adamöldürmədə günahlandırılaraq ölümə məhkum edilmiş daha 5 nəfər edam edilib.
Teleqraf.com GünAz TV-yə istinadən xəbər verir ki, narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən 3 nəfər, aprelin 9-u sübh saatlarında İranın Rəşt şəhərinin mərkəzi zindanında dar ağacından asılıb. Edam edilənlərdən yalnız birinin adı (Rəşid Kuhi) mediaya bəlli olub. Digər iki şəxsin adları bilinmir.
Həmin gün qəsdən adamöldürmədə günahlandırılan daha 2 nəfər Rəşt şəhərinin mərkəzi zindanında dar ağacından asılıb. Edam edilənlərin kimliyi açıqlanmayıb.
Qeyd edək ki, beynəlxalq təşkilatların bütün etirazlarına baxmayaraq, son illərdə İranda edamların sayı kəskin artıb. İran İslam Respublikası öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə dünyada ikinci yeri tutur. Birinci yer isə Çinə məxsusdur.
Bəkir