13 Aprel 2016 23:07
2 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Üç milyon əhalisi olan Dağıstan Muxtar Respublikası cihadçıların ən çoxsaylı kontingentinə malikdir. Rəsmi məlumatlara əsasən respublikadan 900-dən 1000-ə qədər insan Yaxın Şərq ölkələrinə gedib”.

Publika.az xəbər verir ki, bunu Fransanın “Le Monde” nəşrinə Şimali Qafqaz İslam Tədqiqatları Mərkəzinin direktoru Ruslan Qereyev bildirib.

Ekspert xatırladır ki, son 3,5 ay ərzində respublikada dörd terror aktı baş verib və bunların hamısına görə məsuliyyəti “İslam dövləti” (İŞİD) terror qruplaşması öz üzərinə götürüb. O, qeyd edib ki, Sinay yarımadası üzərində Rusiya təyyarəsinin vurulmasından sonra cihadçılar internetdə dərc etdiyi videoda bundan sonrakı hədəfin Rusiya olacağını elan etdi.

“Memorial” hüquq müdafiə mərkəzinin nümayəndəsi Sirajudin Dasiyevin sözlərinə görə, 1990-2000-ci illərdəki Rusiya-çeçen müharibələrində “Qafqaz Əmirliyi” (“İmarat Qafqaz”) və “Əl-Qaidə”yə yaxın döyüşçülər Çeçenistan Respublikası və Dağıstan meşələrində məskən salmışdılar. Rusiyada 75 böyük terror aktına görə məsuliyyəti üzərinə götürən “Qafqaz Əmirliyi” Soçi Qış Olimpiya Oyunlarında təhlükəsizliyin təmin olunması üçün keçirilmiş əməliyyatlardan sonra xeyli zəiflədildi. “International Crisis Group”un analitik mərkəzi vurğulayır ki, Rusiya xüsusi xidmət orqanları “əmirliyə” qalib gəldi və onu iflic etdi.

Son vaxtlar isə regionda İŞİD reytinqini artırmağa başlayıb. Suriyadan 700-ə qədər döyüşçü qayıdıb. Sirajudin Dasiyev qeyd edib ki, 2015-ci ilin aprelində Rusiya xüsusi xidmət orqanları tərəfindən öldürülmüş birinci Dağıstan əmiri Əliasxab Kebekovun etirazlarına baxmayaraq, dağıstanlılar İŞİD-ə qoşulur. Onun ölümündən sonra “Qafqaz Əmirliyi”nin bütün komandirləri İŞİD-in lideri Əbubəkr əl-Bağdadiyə sədaqət andı içiblər. Bundan dərhal sonra “Qafqaz vilayəti” elan edildi və dağıstanlı Rustam Aselderov yeni əmir təyin olundu. Bu dəyişikliklər bütün Qafqaz üzrə silahlı hücumların sayının əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxardı. Çünki döyüşçülərin əksəriyyəti Suriyaya getdi.

Məhəmməd “Qafqaz əmirliyi”nin son tərəfdarlarından biridir, amm İŞİD-dən də narazıdır. “Hər bir müsəlman xəlifəni arzulayır. Amma mən İŞİD-i sekta adlandırıram, onlar islamı biabır edirlər. “An-Nüsra” Cəbhəsi əhalini bütünlüklə cəzalandırmır, əhalinin əhval-ruhiyyələrini nəzərə alır. Kebekov qadın-kamikadzelərdən istifadə etməyi qadağan etdi. Kütləvi qətllərə qaçmaq olmaz, buna son qoyulmalıdır”, - o, deyib.

Məhəmmədin fikrincə, Rusiyanın Suriyadakı əməliyyatları ölkədə rezonans yaradıb: “Rusiya müsəlmanlarının 90 faizi müsəlman sünnilərdir. Amma Putin şiələri dəstəkləyir. Məntiqlidirmi? Putin islamofobdur”.

Onun sözlərinə görə, Şimali Qafqaza xüsusi statusu vermək və orada şəriət qaydalarını daxil etmək lazımdır. “Əks təqdirdə, əgər müsəlmanların vəziyyəti pisləşərsə, siz ikinci Əfqanıstanı görəcəksiniz!”, - Məhəmməd xəbərdarlıq edib.


Müəllif:

Oxşar xəbərlər