Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıncdaroğlu baş nazir Əhməd Davudoğlunun vida çıxışını və istefasını şərh edib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər ki, CHP sədri fikirlərində tez-tez “saray çevrilişi” ifadəsini işlədib: “4 may çevrilişi ilə Davudoğlu vəzifədən uzaqlaşdırılıb. Bunun 28 fevraldan fərqi “yol yoldaşım” dediyi bir adam tərəfindən həyata keçirilmiş olmasıdır.
Hörmətli Davudoğlu baş nazir olaraq iki dəfə seçki kampaniyası aparıb. 7 iyun seçkilərində 40.87, 1 noyabr seçkisində isə 49.5 faiz səs almışdı. Bu, uğurlu bir nəticə idi. Davudoğlunu baş nazir kreslosuna milli iradə gətirmişdi. Amma Davudoğlu özünü o kresloya gətirən, özünə və partiyasına səs verən 23 milyon 531 min adamın iradəsi ilə deyil, bir adamın iradəsi ilə ayrılmaq məcburiyyətində qalıb”.
K.Kılıncdaroğlu sözlərinə davam edərək bildirib ki, Davudoğlunu vəzifədən uzaqlaşdıran bir şəxs 4 mayda saray çevrilişini reallaşdıran, ölkəsinə demokratiyanı gətirməkdə maraqlı olmayandır:
“Hörmətli Davudoğlu 4 may saray çevrilişinə boyun əyərək bu zəmini hazırlayıb, 23 milyon adamın ona verdiyi vəzifəni saymayıb. “Məni bu vəzifəyə xalq gətirib, xalq da apara bilər” deməyib. Vəziyyətə baxın ki, demokratiya adına hörmətli Davudoğlunun müdafiəsi bizim üzərimizə düşüb. Türk siyasi tarixində əhəmiyyətli bir yeri olan Ağ Partiyanın az qala bütün kadrlarının 4 may saray çevrilişini qəbul etməsi də demokratiya adına başqa bir mənzərədir. Bu zərbə 64-cü hökumətə edilən zərbədir”.
Nemət