Tanınmış nasir-tərcüməçi Kamran Nəzirli bu günlərdə Belarusdan qayıdıb. Yazarımız əsərləri ilə bir-çox ədəbi uğurlara imza atıb.
Teleqraf.com Kamran Nəzirli ilə müsahibəni təqdim edir:
- Kamran bəy, maşallah adınız, imzanız ölkənin sərhədlərindən kənara çıxmaqda gündəmdəsiz. Bizi də sevindirirsiz, bəs özünüz hansı hissləri keçirirsiz?
- Təəccüblənirəm. İnanırsız, məni 15 il bundan öncə yazdığım bir hekayəmə görə tanıdılar: "Ölən uşağın xatirələri". Çox sadə dili var, qısa bir hekayədir, forma və məzmunu effekt verib, bir də qlobal mövzunun estetikası...
- Deyəsən bu hekayəniz hansısa müsabiqədə yer aldı?
- Elədir, bu hekayəm də ötən il MDB və Şərqi və Qərbi Avropa ölkələrindən olan 271 əsər arasından seçilib 1-ci yerə layiq görüldü. Dayısız-filansız! Bu yaxında Belarusda beynəlxalq tədbirdə oldum, vallah, qəribə hisslər yaşadım- hara gedirdim, məni "Ölən uşağın xatirələri" hekayəsinin müəllifi kimi təqdim edirdilər. Həmin anların yaşantılarını dilə gətirmək, təsvir etmək mümkün deyil. Gözləmədiyim hadisələr baş verir, görünür, bu da bir taledir...
- Yeri gəlmişkən, Belarusun Poloçk şəhərində keçirilən "Sözün diplomatiyası" Beynəlxalq "dəyirmi masa"da çıxış edibsiz. Sözümüzün, Azərbaycan ədəbiyyatının diplomastiyası olaraq nələrlə yadda qaldıq? Deyəsən həmin tədbirdə Azərbaycandan tək siz olmamısız...
- Dəyirmi Masada və bayram tədbirlərində mənimlə bərabər Bakı miniatür Kitab muzeyinin yaradıcısı və rəhbəri, Ginnesin rekordlar Kitabına düşmüş həmyerlimiz Zərifə xanım Salahova da iştirak edirdi. Dünyada ilk dəfə miniatür kitablar muzeyini yaradan bir Azərbaycanlı qadın kimi Zərifə xanımın fəal iştirakı və çıxışı tədbirə qatılan müxtəlif ölkələrin nümayəndələri, yazıçı və şairləri tərəfindən heyrətlə qarşılandı. Düzü, qeyd etdiyim kimi, bizə belə bir xüsusi diqqəti gözləmirdim. Əlbəttə, Dəyirmi Masada mən də çıxış elədim, böyük marağa səbəb oldu, yerli mətbuat orqanları, televiziya və radiolar bizdən müsahibə götürdülər. Tədbirin sonra bizə deyirdilər ki, sizin çıxışlarınız qeyri-standart və diqqətçəkən idi. Elmi yanaşma vardı mövzuya. Kitab, dil, informasiya texnologiyası, yazı mədəniyyəti, ədəbiyyata münasibət... İnformasiya texnologiyaları və kitab çapı, kitab işi məsələləri və bunlara yazıçı münasibəti... Elə biz də bütün bu mövzular və proseslər içindəyik, bu ağrılı-ağrısız proseslər bəşəriyyəti mənəvi kamillikdən daha çox fiziki terrorlara sürükləyir. Hünərin var bu proseslər burulğanında milli-mədəni simanı qoruyub saxlayasan. Mürəkkəb geopolitik ərazidə yaşayan bir xalq, bir ölkə, bir millət üçün bu, çox çətindir. Amma biz dünyada baş verən bu tarixi, həm də ziddiyyətli proseslərdən aralı dura da bilmərik. Axı bizim də öz qədim mədəni tariximiz var, öyünməli çox şeyimiz var ki, onları dünyaya çatdırmalıyıq. Dünya bilmir, bilmək istəmir, bəlkə də görmək istəmir ki, qədim tarixə malik olan dilimiz var, milli-əxlaqi dəyərlərimiz var - onlara heç bir Konvensiya, ya yad Şuranın düzüb-qoşduğu əxlaq meyarları toxuna bilməz. Mən Belarusun Yazı Günü tədbirində mətbuata və televiziyaya müsahibə verəndə bir fakt dedim: son elmi araşdırmalar sübut edir ki, dünya mədəniyyəti tarixində ilk kitabı şumerlər çap edib. İlk kitabxananı şumerlər yaradıb. Şumerşünaslıq elmi var, Amerika və alman alimləri, elə rusların özü də təsdiq edirlər ki, "tarix şumerlərdən başlayır".
- Necə qarşılandı çıxışınız?
- Hamı təəccüb və maraqla qulaq asırdı. Bəli, ilk məktəblər, ilk ikipalatalı parlament, ilk tarixçi, ilk ədəbi mübahisələr, matəm nəğmələri, dünyanın ilk 7 qəhərəmanlıq əsəri, ilk məhəbbət nəğməsini, kitabxana kataloqunu da şumerlər yaradıb... Dünyanın ilk dili də şumerlərə məxsusdur və bu dil ilk növbədə Turan və Ural-Altay dilləriylə yaxından qohumdur, türk dillərinə daha çox bağlıdır... Nə isə, bu barədə gərək ayrıca danışasan... Azərbaycan ədəbiyyatının tarixi də qədimdir. Bunlar hamısı tarixdir.
- Kamran bəy, bütün bunlar çox yaxşı, amma dedikləriniz bu olmuşlar tarixin arxadakı səhifələrində qalıb, bəs biz bu gün nə etməliyik?
- Biz klassik və müasir ədəbiyyatımızı mümükün qədər operativ və sürətlə tərcümə elətdirib yaymalıyıq. Baxın, bunu artıq keçmiş SSRİ-də yaşayan digər xalqlar, o cümlədən, Belarus xalqı çox çevik və sürətlə həyata keçirir. Beşyüz illik tarixi olan kitab və ədəbiyyat nümunələrini təzədən çap edirir, müxtəlif dillərə tərcümə elətdirir və yayır. Belarus xalqı öz keçmişinə, dilinə, mənəvi və maddi sərvətlərinə çox böyük ehtiramla yanaşır. Elə Şərqi Avropada ilk kitab nəşrinin əsasını qoymuş belaruslu Françisk Skorinanın 1155-ci ildönümünü də eyni zamanda qeyd edən bir ölkənin, bayram tənətənələrinin mərkəzi şəhəri kimi məhz Poloçku seçməsi təsadüfi deyildi, axı Skorina bu şəhərdə anadan olub. Onlar kitaba, ədəbiyyata böyük önəm verirlər. 1994-cü ildən bəri hər il ənənəvi olaraq Belarus Yazısı Günü keçirilir. Bayram tədbirləri çərçivəsində Beynəlxalq Ədəbiyyat konfransları, kitabla, ədəbiyyatla bağlı Dəyirmi Masalar keçirilir. Bu böyük milli bayramdır. İnsanlar bu bayrama xüsusi hazırlaşırlar. Belə tədbirlərdə dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş tanınmış alimlər, ictimai xadimlər, yazıçılar və şairlər də iştirak edirlər. Şəxsən mənim üçün bu tədbir xüsusi özəllikləri ilə yadda qaldı. Və mən arzu edirəm ki, bizdə də Ədəbiyyat, Kitab bayramları Milli bayram səviyyəsində həyata keçirilsin.
- Belarusda olarkən ədəbiyyatımızın təbliği, tanınması, oxunması istiqamətdə hansısa məsələlər müzakirə olundumu?
- Bir sıra görüşlərim də oldu təbii ki. İlk öncə Belarus İnformasiya nazirinin müavini, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin dostu Ales Karlyukeviçlə Azərbaycan-Belarus ədəbi əlaqələrinin bundan sonrakı inkişafı üçün perspektiv planlarımızdan danışdıq. Belarus Yazıçılar Birliyinin sədri, Rusiya Yazıçılar İttifaqının həmsədri, çoxcəhətli ictimai fəaliyyəti ilə Ginnesin rekordlar kitabına düşmüş Nikolay Çerqineçlə xüsusi görüşüm də baş tutdu. Nikolay İvanoviçə Azərbaycan dilinə tərcümə etdiyim müəllifi olduğu "Oğullar" kitabını təqdim elədim. Çox məmnun qaldı. Qeyd edim ki, bu romanı mənim tərcüməmdən sonra Türkiyədə də çap ediblər. Məni göstərdi və ömrünün 80-ci ilini yaşayan sözün həqiq mənasında ağır təbiətli bir ağsaqqal yazıçı şöhrəti qazanmış bu şəxsiyyət dedi ki, Azərbaycan və Türkiyə xalqının özü kimi ədəbiyyatı, mədəniyyəti də mənə doğmadır, hər zaman maraqlanmışam, müsbət fikirdə olmuşam, bundan sonra da çalışacağam ki, sizin mədəniyyət, ədəbiyyat üçün nəsə bir iş görüm. Bax belə.... Bundan başqa Belarus Dövlət Uşaq Nəşrlər Evinin direktoru, "Vyaselika" və "Busya" uşaq jurnallarının baş redaktoru, tanınmış yazıçı, Dövlət mükafatı laureatı Vladimir Lipski ilə (xüsusi qeyd edim ki, Belarusda uşaq ədəbiyyatına çox diqqət və önəm verilir, uşaqların oxu mədəniyyətinin formalaşması qayğısına uşaq bağçalarından başlayırlar) ilə də görüşdüm. O, bizim uşaq yazıçıları və nəşriyyatları ilə əlaqələr yaratmaqda çox maraqlı adamdır. Mənə dedi ki, siz körpü olun, qoy Azərbaycanlı həmkarlarım mənimlə birbaşa əlaqəı yaratsınlar, təcrübə mübadiləsi aparaq, əməkdaşlıq edək, biri-birimizi tanıdaq və yayaq. Mən də fürsətdən istifadə edib elə bu müsahibədə bizim uşaq yazıçılarına, nəşriyyatlara müaraciət edirəm: Vladimir Lipski ilə əlaqə qurun, faydalı əməkdaşlıq münasibətləri yaradın...
Belarusun tanınmış tənqidçi alimi, professor İvan Çarota ilə də maraqlı görüşlərimiz oldu. Qeyd edim ki, İvan Çarota həm də Belarus Yazıçılar Birliyində tərcümə və beynəlxalq əlaqələr şöbəsinə rəhbərlik edir. Çarota məndən İradə Musayevanı soruşdu, dedim, tanıyıram. Qeyd edim ki, İvan Çarota Belarusun 1 nömrəli tənqidçisidir, qeyri-adi adamdır. Nə isə, dedi, İradə Musayevanın Belarusda çıxan bir neçə analitik yazısını oxumuşam, o, bizim ədəbi mühiti və ədəbi əsərlərimizi maraqlı təhlil edib. Xüsusilə, Svetlana Aleksiyeviçin yaradıcılığına verdiyi qiyməıtdən sonra mən gərək Svetlana Aleksandrovnanı təzədən oxuyam... Əlbəttə, bunlar məni bir azərbaycanlı kimi və ziyalı kimi də sevindirir. Biz onunla da dostlaşdıq. Mən bu barədəı gələn kimi İradə Musayevaya ucundan-qulağından məlumat verdim. Bundan başqa orda MDB üzrə Ədəbiyyat və Publisistika Portalının redaktoru Anatoli Matviyenko ilə, Rusiyadan gəlmiş "Roman qazeta"nın baş redaktoru Yuri Kozlovla, Çeçenistanlı şair, yazıçı, tərcüməçi dostum Adam Axmatukayevlə, Litvanın tanınmış naşiri və yazıçısı Yaronimas Lauçyusla, Moldova-Belarus Cəmiyyətinin sədri, moldovalı şair Yuri İvanovla, Fransalı tərcüməçi və alim Jan Qaranyonla, Almaniyadan gəlmiş tərcüməçi, alim Franz Blumla, ukraynalı alim, sosioloq Qleb Kudryaşovla və digər ölkələrin nümayəndələri ilə də həm ikitərəfli, həm də çoxtərəfli ədəbi əməkdaşlıq sahəsində ümidverici söhbətlərim oldu. Bizim ümumi fikrimiz bu oldu ki, dünyanın indiki ağır siyasi-iqtisadi-mənəvi durumunda ədəbi əlaqələrimizi qarşılıqlı şəkildə bizim özümüzdən başqa heç kim davamlı və möhkəm qura bilməz. Misal üçün, çeçen dostum Adam belə bir təklif irəli sürdü ki, ilk mərhələdə özümüzdən başlayaq - sən məni, mən də səni tərcümə edim, çap edim. İkinci mərhələdə müasir yazıçı və şairlərin əsərlərindən ibarət Almanax çap edək, təbii ki, öz hesabımıza. Üçüncü mərhələdə seçilmişlərin kitablarını çap edək... və s... Düzü, onun təklifi maraq doğurdu məndə. Təbii ki, bu işlərin texniki çətinlikləri də var, gərək fədakarlıq edəsən, nələrdənsə imtina edəsən, ya da boğazından kəsib bu işə qoşulasan. Hər halda, bu barədə düşünrük... Belə tədbirlərin faydalarından biri də budur ki, burda müxtəlif ədəbiyyatlar, müxtəlif mədəniyyətlər birləşirlər, həmrəylik nümayiş etdirirlər, əməkdaşlıq və dostluq üçün addımlar atırlar. Ədəbiyyatların dostluğu həm də mədəniyyətləri, xalqları bir-birinə yaxınlaşdırır. Bir məsələni də qeyd edim: son iki ildə Azərbaycan ədəbi orqanlarında Belarus yazıçı və şairlərinin əsərləri çap olunub, eləcə də Azərbaycan yazıçı və şairlərinin əsərləri Belarus mətbuatında işıq üzü görür. Artıq bizim ədəbiyyat nümayəndələrimizi əsərlərindən tanımağa başlayıblar. Nəinki Belarusda, MDB-də və Şərqi və Qərbi Avropa ölkələrindəki ədəbi çevrələr də Azərbaycanın klassik və müasir ədəbiyyatı ilə maraqlanırlar. Siz maraqlansanız, Belarusun mətbuat orqanları, ədəbiyyat saytları intensiv olaraq bizim şairləri, yazıçıları çap edirlər; bunun bir faydası da odur ki, onlar bunu iki dildə-rus və belarus dillərində çap edirlər. Bu isə artıq yayım miqyasının genişiliyidir, daha çox məkanda bizi oxuyur və tanımağa başlayırlar.
- Belə başa düşürəm ki, heç də bədgüman olmağa dəyməz, Azərbaycan ədəbiyyatı olaraq sözümüz, səsimiz, yaradıcılığımız tanınır.
- Əllbəttə. Hələ mən ayrı-ayrı layihələri demirəm. Misal üçün, Mikayıl Müşfiqə həsr olunmuş layihə həyata keçirirlər orda. Ona həsr olunmuş yazılar, materiallar verirlər, kitab hazırlayırlar. Bizim Yazıçılar Birliyi ilə birgə antologiyalar, almanaxlar buraxıblar, müasir yazıçı və şairlərimizin əsərlərindən nümunələri jurnallarında və qəzetlərində çap edirlər. İndi mən ad çəksəm, hansınısa yaddan çıxara bilərəm. Amma bu işlər görülür və ardıcıl olaraq davam etdirilir. Həm fərdi, həm ictimai, həm də rəsmi şəkildə ədəbiyyatımız təbliğ olunur, yayılır. Hətta orda keçirilən yerli ədəbi müsabiqələrə, Beynəlxalq müsabiqələrə bizim yazarlarımız qatılır, özü də fəal şəkildə. Faiq bəy, elə siz özünüz də fəal qoşulun, tanınmış qələm sahibisiniz, sizin şeirləri gec olsa da, növbədənkənar verirlər. Mənə hətta ədəbiyyat portalının redaktoru dedi ki, bizdə belə şey olmayıb heç zaman: "Podborka" gedəndən sonra ora əlavə nəsə verək. Sizin şairin şeirlərini ona görə verdik ki, onlar həqiqətən ədəbi nümunələrdir, bədii yükü var idi. Bu da belə...
- Doğrusu, bu məni sevindirdi və şeirlərimin dərci üçün sizə təşəkkür edirəm. Kamran bəy, məsəl var, içim özümü yandırır, çölüm özgəni. Dedikləriniz bizləri qıraqdan görənlərin münasibətinə təsir edir, sözsüz, amma bizim içərimizdə də elə hislər var ki, əldə olunan uğurlarla razılaşmamaq, daha da nailiyyətlər əldə etmək. Bir yazar olaraq daha nələri görmək istədiz?
- Allah bizə səbr versin. Bir də ruhi rahatlıq istəyirəm ki, həm içim, həm də çölüm rahat olsun. Xəlil Rzanın sözü olmasın, "poemanın şirin yerində" arvad deməsin ki, "evə soğan lazımdı!" Hər yanda görmək istədiyim şey bu arzudu! Gücüm nəyə çatacaqsa, onu edəcəyəm - özüm üçün də, həmvətənlərim üçün də!
- Siz həm də tərcüməçisiz. Tanınmağımıza da tərcüməçilərin rolu müstəsnadır. Siz bir çox əsərləri dilimizə çevirmisiz, bəs bizim ədəbiyyat adamlarının digər dillərə, başlıcası elə rus dilinə çevrilməsi istiqamətində layihələriniz necə varmı, varsa da özünü doğruldurmu?
- Yox, mən ruscaya tərcümə eləmirəm. Ruscadan, ingiliscədən edirəm. Bir də ki, təxminən 100-ə yaxın Azərbaycam şairinin və yazıçısının əsərlərindən nümunələri ingiliscəyə çevirmişəm, çap elətdirmişəm... Əlbəttə, dünya ədəbiyyatının klassik və müasir nümunələrini də dilimizə çevirmişəm. Tərcüməçilərimiz var, yaxşı tərcüməçilər çoxdur. O ki qaldı layihələrə, onların reallaşması üçün açıq deyək də, bu gün maliyyə vəsaiti lazımdır. Əsas problem də budur. Maliyyə olsa, tərcümə problemləri də həll olunar.
- Kamran bəy, bizim bir anlamaq, anlaşılmaq, başa düşülmək problemimiz olub. Çelentanonun bir sözünü paylaşırsız, xoşbəxtəm ki, məni iki nəfər başa düşür. Siz necə başa düşülməmək ağrısı ilə üz-üzə gəlməmisiz ki?
- Mənə Rəşid Bərgüşadlı da yazmışdı ki, bu Celentano kimdir, aktyordu? Dedim yox, onun uzun adı, atasının, babasının, ulu babasının adı var... Özüm bir dəfə açıqlayacam. İndi yeri gəldi, qoy elə açıqlayım: o Celentano yoxdu əslində, o sözlər də mənim sözlərimdi. Bu da hardan ağlıma gəldi? Bu Feysbukda o qədər zarafat-filan, yumorla, istehzayla adama söz atırlar ki, məcbursan, sən də yumorunu işə salasan. Başqa əlac yoxdu. Deməli, bir dəfə rəhmətlik müəllimim, dostum, professor Zeydulla Ağayevlə getmişdik sevimli müəllimimiz İsmixan Rəhimova dəyməyə. Allah hər ikisinin yerini behiştlik eləsin! Evinə getmişdik. Xəstəydi, yorğan-döşəkdə. Bizi görən kimi kefi kökəldi və kef-əhval, ordan-burdan dan sonra sözarası belə bir əhvalat danışdı ki, bir məclisdəymiş, çox adam varmış orda. İsmixan müəllim bir pritça danışıb adamlara, hamı gurultulu alqışalarla qarşılayıb, soruşublar ki, kimindi, bu da deyib ki, Heminqueyin. Deyiblər, əhsən, dahiymiş ki! Sonra İsmixan müəllimdən soruşduq ki, niyə belə demisiz, axı o pritçanı siz yazmısız! Dedi: desəydim mən yazmışam, heç kim əl çalmazdı! Çünki bu millət öyrənib ki, nəsə xarici bir adamın sözünə bənd olsun. Hə, bax, indi o yadıma düşdü...
- Demək...
- Hə, məni iki nəfər başa düşür- içimdəki adam və çölümdəki adam, ikisi də mənəm! Əslində hər kəsdə iki adam yaşayır....
- Daha nə etmək lazımdır ki, xaricdə oxuna biləsən? Sizcə buna mütləq şəxsi münasibətlər təsir etməlidir?
- Əlbəttə, şəxsi münasibətlər yaxşı şeydir, amma bunu da mütləq bilmək lazımdı: əvvəlcə sənin əsərin olmalıdı! İmzadan daha çox əsərə fikir verirlər! İstər Belarus olsun, İstər Rusiya olsun, istərsə də digər Avropa ölkələri. Əlbəttə, mən ciddi ədəbi çevrələri nəzərdə tuturam. Mənim siz deyən elə bir şəxsi münasibətlərim olmayıb, mən ordakı dostlarla da, Avropa ölkələrindəki dostlarla da elə bax təsadüfən, ya konfranslarda, ya tədbirlərdə, ya da internet vasitəsilə tanış olmuşam. Yenə qayıdıram müsahibənin əvvəlinə: məni Belarusda və MDB-də tanıdan bir sadə hekayəm oldu: "Ölən uşağın xatirələri".