18 May 2018 10:21
4 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Roza Zərgərlinin “Sibir çiçəkləri” kitabı ən bahalı kitabdır. Roza xanımın həyatından bəhs edən kitabın müəllifi də elə özüdür. Tələbat çoxdur. Gəlirlər, maraqlanırlar, ancaq qiymətini biləndə almaqdan imtina edirlər. Kitabın qiyməti 15 manatdır.

Bu sözləri Teleqraf.com-a müsahibəsində “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin direktoru Misirxan Həsənov deyib. Müsahibəni təqdim edirik:



- Misirxan bəy, bir neçə gün öncə “Azərkitab”ın 1 yaşı tamam oldu. Bu 1 il ərzində insanların kitaba dönməyi üçün hansı addımları atdız?

- Bu suala daha ətraflı cavab vermək üçün xüsusi jurnal çap etdirmişik. Jurnalda 10 ay müddətində gördüyümüz işlər barədə geniş məlumatlar var. Bəzi insanlara maraqlı ola bilər ki, nə üçün 10 ay? Ona görə ki, jurnalın 1 yaşımıza qədər çıxmasını istəyirdik. Gələn qonaqlar da soruşurdular ki, nə işlər görmüsüz ki, sizin mərkəz qısa vaxt ərzinə bu qədər sevilir, hörmətlə qarşılanır.

Çalışdıq ki, təqvimdə dövlətimiz, dövlətçiliyimiz, millətimiz üçün əhəmiyyətli olan bütün günləri qeyd edək. Dünyasını dəyişən şairlərimizi, yazıçılarımızı yad etdik. Həmçinin gənc şair və yazıçıların kitab təqdimatlarını keçirtdik. Onların kitablarının təbliğatı və yayımı üçün dəstəyimizi əsirgəmədik. Gənc yazarlarda belə bir fikir formalaşıb ki, onları heç kəs oxumur. Bir çoxu bu mövzuda şikayətçidir. Amma günahkar özləridir. Kitabı çap etdirib aparıb evə qoyurlar. Ən yaxşı halda dostlarına, qohumlarına hədiyyə edirlər. Kitabı hədiyyə etmək olmaz. Hər kəs kitabı pulla almalıdır ki, qədrini də bilsin. Kitab elmdir, mədəniyyətdir, hər şeydir.

Məqsədimiz budur ki, yeni yazarlardan və yeni kitablardan hər kəsi xəbərdar edək. Əgər xalqın yeni yazarlardan, yeni kitablardan xəbəri yoxdursa, əlbəttə, o yazarlar tanınmayacaq, kitablar isə satılmayacaq. İndi bu yöndə addımlar atırıq ki, kitabları təbliğ edək. Ona görə də, mərkəzimizin adı “Azərkitab” Kitab Təbliğatı Mərkəzidir.

- Mərkəz dövlətin nəzdindədir?

- Bəzi adamlar elə bilir ki, bura dövlət qurumudur, muzeydir, kitabxanadır. Oxuculara çatdırmaq istəyirəm ki, “Azərkitab” kitab mərkəzidir. Sadəcə olaraq, kompleks şəklində fəaliyyət göstəririk. Həm kitabın çapı, həm satışı, həm təbliği, tədbirlərin, qalereyaların, təqdimatların təşkili ilə məşğuluq. Bax bütün bu xidmətlərlə xalqımıza xidmət edirik.

Bəzən bura gələn adamlar mənə deyirlər ki, uzaqdan “Azərkitab”ın binasına baxdıq, gördük ki, çox böyük yerdir. Düşündük ki, burdakı kitablar çox baha olar. Əslində onları da qınamıram. Çünki bizdə restoranlar belədir. Baxırsan ki, böyük restorandır, fikirləşirsən ki, ərazisi genişdirsə, deməli, qiymətlər də baha olar. Bu məntiq restoranlar üçün keçərli ola bilər, ancaq bizim mərkəzimiz üçün yox. Bütün kitabların arxasında qiymətləri yazılır. Hər yerdə olduğu kimi, biz də bir qəpik artıq qiymətə satmırıq.

Hətta şəxsən öz təşəbbüsümüzlə xaricdən gətirdiyimiz kitablar var, əminliklə deyirəm ki, biz satdığımız qiymətə o kitabları başqa yerlərdə tapmaq mümkün deyil. Bir daha qeyd edirəm ki, biz kitabı sevdirməyə çalışırıq. Pul qazanmaq həmişə var, ancaq gənclərin, xalqın maariflənməyi bizim üçün əsas qazancdır.

Bəzi gənclər başqa ölkələrə getmək arzusu ilə yaşayırlar, ancaq özlərinə sual vermirlər ki, Amerika, Avropa necə oldu ki, bugünkü səviyyəyə gəlib çatdı... Təbii ki, kitabların, elmin hesabına. Biz də kitaba qayıtmalı, maariflənməliyik.

- Təbliğatınızın bir nəticəsi varmı?

- Bildiyiniz kimi mərkəzimizin açılışı zamanı Çingiz Abdullayevin qalmaqallı çıxışı olmuşdu. Bu, məqsədli şəkildə olmamışdı. O qalmaqallı çıxışdan bizdən başqa hər kəs istifadə etdi. Buna baxmayaraq, ilk günlər gəlib-gedənlər az idi. Gələnlər də soruşurdu ki, bura muzeydir? Məcbur olub hər dəfə izah edirdik. Zaman keçdikcə, tədbirlərimiz çoxaldıqca, artıq insanlar bildi ki, burda kitab oxumaq üçün hər cür şərait var. Hətta həftə sonları tələbələr gəlirlər, imtahanlara hazırlaşırlar. Çöldə oturub mütaliə etmək üçün icazə də almışıq.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz müəllimə təşəkkür edirik, bizə çox kömək etdi. Ümumiyyətlə, kitaba xidmət edən hər kəs xalqa xidmət edir. Uşaqlar üçün də xüsusi bölməmiz var. Ailələr gəlirlər. Təkcə azərbaycanlı ailələr yox, xarici vətəndaşlar da gəlirlər.

- Xarici vətəndaşlardan söz düşmüşkən, hər halda başqa ölkələrin də kitabxanalarında olmusuz. Bizim kitabxanalarla onlarınkı arasında nə fərqlər var?

- Bizim mərkəz yaranana qədər Avropanın 11 ölkəsini gəzdim. Hər ölkənin kitabxanalarında, kitab mərkəzlərində oldum. Tərifləmək kimi olmasın, bizim kitabxanalarda da adət-ənənələrimizə sayğı, hörmət var. Oranın isə öz adət-ənənələri var. Uzanıb kitab oxumaq üçün yer qoyublar. Bizdə elə şey mümkün deyil. Nə qədər Avropaya meyl etsək də, yenə özümüzə aid dəyərləri qoruyuruq.

Düşünürəm ki, bu, yaxşı haldır. Biz o xalqın nümayəndələriyik ki, o vaxt bəylər kəndə girəndə atın belindən düşərmişlər. Piyada gəzən qadınlara, yaşlılara üstən aşağı baxmağı özlərinə ar bilərmişlər. Onlar bu əxlaqı, tərbiyəni heç bir kitabdan oxumamışdılar. Bu şeylər bizim qanımızda var.

- Adətən, yaşlı nəslin nümayəndələri gənclərdən şikayətlənirlər ki, kitab oxumurlar. Hazırda kitab oxumaqda daha çox hansı aktivdir: yaşlı nəsilmi, gənclərmi?

- Atalarımızın vaxtında kitab oxumaq daha aktual idi. Bu dəqiqə hansımız valideynlərimizdən hansısa kitabdan bir cümlə soruşsaq, cavab verə biləcəklər. Həmçinin hər hansı bir tamaşadan bir səhnə və s. Bu, sovet dönəmində olan məcburiyyətlərin nəticəsidir. Bu gün o məcburiyyət bərpa olunmalıdır. Məktəbliləri yenə muzeylərə, kitabxanalara, tamaşalara aparmalıdılar.

Bu gün gənclər daha aktivdir. O fikri heç xoşlamıram ki, deyirlər, gənclər oxumurlar. O qədər belə dedilər ki, oxuyanlar da həvəsdən düşdü. Necə deyərlər, qurunun oduna yaş da yandı. Oxuyurlar, niyə oxumurlar ki? Məktəblilər, tələbələr çox gəlirlər. 3 gündür bir xanım gəlir. Xaricdə yaşayan azərbaycanlılardandır. Deyir ki, 20 gündür Bakıdayıq. Çox sevindim ki, belə yer var. Evdə səs-küy olduğuna görə, gəlib dərslərimi burda oxuyuram.

Ümumilikdə isə rus dili oxucularımız həmişəki kimi üstünlük təşkil edirlər.

- Oxucular göstərilən xidmətdən razı qalırlarmı?

- Mənim atam “Azərkitab”da 17 yaşından işləməyə başlayıb. Köşkdə kitab satmaqdan kitab mağazasının müdirliyinə kimi gəlmiş insandır. O burda olanda oxucularla kiçik də olsa dialoq qurmağa çalışır. Oxucuların aldığı kitablar haqda məlumat verir, onları yoxlamaq üçün yox, ümumi suallar soruşur ki, özlərini rahat hiss etsinlər. Yaxşı qarşılanmağ; sevən xalqıq. Ona görə, işçilərə də tapşırmışam ki, bura gələn hər kəsi mütləq qarşılayın, maraqlanın.

- Gənclər daha çox hansı janrda kitabları oxuyurlar?

- Dedektiv janrlı kitablar həmişə daha çox satılıb. Son zamanlar psixologiya, fəlsəfə, bir də Cümhuriyyətin yüz illiyi haqda yazılmış kitabları maraqlananlar çoxalıb. Dini kitabları da soruşurlar, ancaq icazə almamışıq deyə, hələ ki satışda yoxdur. Poeziyaya maraq digərlərindən azdır. Şəxsən mən özüm daha çox tarixi kitabları sevirəm.

Tariximizi bilmək vacibdir. Sosial şəbəkələrdə video yayılmışdı, bir gəncdən soruşurlar ki, 20 Yanvar hadisəsi neçənci ildə olub? Cavab verir ki, mən onda anadan olmamışdım. Kaş, anadan olmayaydın da... Bu ölkədə niyə yaşayırsan, axı?

- Yaşlı nəslin kitablarımı çox satılır, gənclərinmi?

- Yaşlı nəslin nümayəndələri daha çox klassikləri oxuyurlar. Çalışırıq ki, yeni kitabları, yeni imzaları önə çəkək. Oxuculara mütləq tövsiyə edirik. Heç kəs birdən-birə Hüseyn Cavid, Mikayıl Müşfiq olmur ki? Atamın bir sözü var, deyir ki, bu gün də Hüseyn Cavidimiz, Mikayıl Müşfiqimiz var, sadəcə, onları tapmaq, kəşf etmək lazımdır. Bu səbəbdən də gəncləri dəstəkləməyə çalışırıq.

Oxucu da var, içəri daxil olan kimi bestseller kitabları soruşur. Yəni hamı nə oxuyur, mən də onu oxuyum.

- Kimlərin kitabları bestsellerdir?

- Bu, danılmaz faktdır ki, Çingiz Abdullayevin, Elxan Elatlının, Varisin, Rövşən Abdullaoğlunun kitabları daha çox satılır.

- Bəs siz daha çox hansı kitabların satılmasını arzulayardız?

- Bayaq dediyim kimi, tarixi kitabları çox sevirəm. Öz tariximizi öyrənməliyik. Başqa ölkələrdə olanda kimsə Azərbaycan haqda bizdən bir şey soruşanda düzgün cavab verə bilməliyik. Bizim səhv cavabımız ölkəmizə ləkə ola bilər. Dilqəm Əhmədin kitablarını oxuyuram. Müstəqilliyimiz üçün, cümhuriyyət üçün canını fəda etmiş şəxsiyyətlər haqda məlumatlar, şəkillər toplayır.

İndi bir məsələni araşdırıram. Deyilənə görə, Pakistanda məktəb dərsliklərində Hacı Zeynalabdin Tağıyevin adı var. O dönəmlərdə Pakistanda dəhşətli epidemiya yayılıbmış, Hac Zeynalabdin Tağıyev öz şəxsi vəsaiti hesabına ora peyvənd alıb yollayıb. Pakistan xalqı bu gün də Hacı Zeynalabdin Tağıyevə minnətdardır.

- “Qanuni oğru”ların həyatından bəhs edən kitablar da çox satılır. Sizdə də varmı belə kitablar?

- 2 kitab var, ən aşağıya qoymuşuq ki, görsənməsin.

- Tələbat varmı?

- Tələbatla işləmirik. Hər kəs yaxşı bilir ki, biz sadəcə, kitaba, millətə, xalqa xidmət edirik. Atamın bir yaxşı sözü də var, deyir ki, ən çətin vaxtlarımda kitab mənim əlimdən tutdu, sizi kitabın pulu ilə böyütdüm. İndi razı ola bilmərəm ki, kitablara qarşı belə münasibət olsun. Neçə ki, mənim pis vaxtlarımda kitablar mənim əlimdən tutdu, onların pis vaxtında da mən onların əlindən tutacam.

“Qanuni oğru”larla, kriminal mövzularla bağlı kitablara gəlincə, əslində onların da həyatında maraqlı məqamlar var. Yaxşı oxucu yaxşı tərəfləri mənimsəyir, pis oxucu pis tərəfləri. Heç o insanların özləri də istəməz ki, ya övladları, ya da doğmları onların seçdiyi həyatı seçib yaşasın.

- Əcnəbi yazarlarla müqayisədə yerli yazarlara tələbat nə dərəcədədir?

- Məm həmişə demişəm ki, birinci növbədə öz yazarlarımızı oxumaq lazımdır. İnsan öz qədrini bilməsə, qarşısındakını özündən üstün bilir. Hamını oxumaq lazımdır, ancaq əvvəlcə özümüzü oxumaq vacibdir. Əvvəlcə özümüzü tanımalıyıq.

Paulo Koelyonun “Kimyagər” romanı çox satılır. Aqata Kristininin əsərlərini çox soruşurlar. Den Braunun kitabları da çox oxunan kitablar içərisindədir.

- Sosial şəbəkələrdə tez-tez məmurlarla şəkillər paylaşırsız. Siz dəvət edirsiz, yoxsa özləri gəlirlər?

- Bu barədə çox adam soruşur, ancaq elə bizim üçün xoş olan tərəfi də budur ki, eşidirlər, bilirlər, gəlib maraqlanırlar.

Mən ikinci təhsil alıram. Bir dəfə dərsdə idim, dedilər, hərbi prokuror Xanlar Vəliyev gəlib. Dərsdə otura bilmirdim. İstəyirdim gələm, tanış olam. Xanlar müəllim də çox ciddi insandır. O adamı hər yerə aparmaq, hər yerdə görmək mümkün deyil. Amma bizim mərkəzimizə gəldi və ondan sonra bir neçə dəfə də gəlib. Gömrük Komitəsinin keçmiş rəisi Aydın Əliyev gəlir, Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyev gəlir. Millət vəkillərindən Fazil Mustafa, Elman Nəsirli, Qənirə Paşayeva, Fəzail İbrahimli tez-tez qonağımız olur. Hər birindən çox razıyıq. Tədbirlərdə kimə müraciət ediriksə, sözümüzü yerə salmırlar, gəlib iştirak edirlər.

- Nəşriyyatlarla münasibətlər necədir?

- İndi birlik vaxtıdır. Bütün nəşriyyatlarla münasibətlər yaxşıdır. Onlar da bütün tədbirlərdə yanımızda olurlar. Hətta deyirlər ki, rayonlarda da tədbir keçirsəz, gələcəyik.

- Yerli yazarlardan ən bahalı kitab kimin kitabıdır?

- Müğənni Roza Zərgərlinin “Sibir çiçəkləri” kitabı ən bahalı kitabdır. Roza xanımın həyatından bəhs edən kitabın müəllifi də elə özüdür. Tələbat da çoxdur. Gəlirlər, maraqlanırlar, ancaq qiymətini biləndə almaqdan imtina edirlər. Kitabın qiyməti 15 manatdır.

Xəzər Süleymanlı


Müəllif: Xəzər Süleymanlı