III Yazı
Əvvəli burada
Əhməd bəy Ağaoğlu 1920-ci ilin 14 noyabrında ailəsinə göndərdiyi məktubunda bir daha azərbaycanlı dostlarından sitəm edib: “Bəzi ümidlərimiz Azərbaycandakı dostlarımızın vəfasızlığından dolayı boşuna getdi...”.
Mustafa Kamal paşanın öndərliyində başlayan Qurtuluş hərəkatının uğurlu olacağını hiss edən Ağaoğlu 1920-ci ilin dekabrın 13-də göndərdiyi məktubunda qeyd edib: “Anadolunun əzm və səbatı artıq təsirini göstərməyə başladı... Çürümüş, həya və ardan məhrum millətlərin ölü qəlblərinə bu dəfə ruslar ilə türklər ruh üfürəcəklər”. Həmin ilin 16 dekabr tarixli məktubunda bir daha Azərbaycandan şikayətlənib: “Əlimərdan bəyə məndən çox salam desinlər və ona “əsirlər unudulmaz” deyə məni xatırlatsınlar”! Azərbaycan mənim haqqımda olduqca çox vəfasızlıq etdi. İstəsəydi, məni qurtarardı. Çünki əlinə çox böyük fürsət keçmişdi. Fəqət bu zamanda İslam millətlərində əhd və vəfadan əsər də qalmamışdır”.
1921-ci ilin 27 yanvarında göndərdiyi məktubunda Ağaoğlu Mustafa Kamalın rəhbərliyindəki Anadolu hərəkatına bir daha əminliyini ifadə edib: “Bütün dualarınızı, bütün sənalarınızı Anadolu tərəfə edin. İnşallah orası müvəffəq olar, ümumi vətəni qurtararsa, biz də qurtular və məsud olarıq”.
Bu dövrdə artıq Türkiyədə ikihökumətlilik mövcud idi. Bir tərəfdə Ankara, digər tərəfdə İstanbul hökuməti fəaliyyət göstərirdi. Ağaoğlu 1921-ci il 23 fevral tarixli məktubunda bu məsələyə geniş toxunub: “Əminəm ki, Ankara hökuməti eyni zamanda burada iki ildən bəri qəddaranə süründürülən məsumları da unutmayacaqdır. Əgər unudarsa, o da İstanbul hökuməti kimi ən əsas vəzifələrindən biri yerinə yetirməmiş olar – ki təbəəsinin himayəsindən və məhkəmə haqqının mühafizəsindən ibarətdir. Biz buradan bütün əlaqədar hökumətlərə müraciət etdiyimiz kimi Ankara heyətinə də müraciət etdik... Öz hesabıma mən Ankara hökumətinin əli ilə qurtulmağı və mühakimə edilməyi seçərdim”.
Martın 7-də göndərdiyi məktubunda Əlimərdan bəy Topçubaşının ailəsinə maddi yardım etməsindən təəccübləndiyini qeyd edib: “İki gün əvvəl bir teleqramınızı aldım, heyrət etdim. Doğrusu, Mərdan bəydən pul aldığınıza çox məmnun oldum... Mərdan bəyin, nəhayət, insafa gəlmiş olduğuna çox məmnun oldum. Bu vəzifəni o, çoxdan etməliydi. Çünki Parisə gedən heyətin məsrəfləri bir neçə illər üçün təmin edilmişdi. Mən onun bu vəzifəni icra etmədiyinə heyrət edirdim. Şübhə yoxdur ki, bu dəfə Pəri xanım onu təşviq etmişdir”.
Qeyd edək ki, əsirlikdə də olduqca qürurlu olan Əhməd bəyin Əlimərdan bəydən yardım istəməsinin səbəbi ta tələbəlikdən etibarən onu tanıdığına, Bakıda qəzetdə birgə işlədiklərinə, bir sözlə dostluqlarına görə deyildi. Əhməd bəyə görə, o, Paris Nümayəndə heyətinin üzvü kimi həbs olunub, heyətin sədri olaraq Əlimərdan bəy və Azərbaycan hökuməti onu xilas etməyə borcludur, digər tərəfdən hökumət heyəti yola salarkən bir neçə illik məsrəfi ödədiyinə görə, onun maaşı ailəsinə verilməlidir.
Əhməd bəy əsirlikdən xilas olduqdan sonra Əlimərdan bəylə münasibətləri tamamilə pisləşib. Vilayət Quliyev bununla bağlı “Cümhuriyyət yazıları adlı kitabında yazıb: “TBMM üzvü Əhməd Ağaoğlunun 1929-cu ildə xanımı ilə birlikdə iki həftə Parisdə olması və gənclik dostunu itirib-axtarmaması Əlimərdan bəyi dərindən sarsıtmış, varından yox etmişdi. Bu münasibətlə X.Sultanova 2 dekabr 1929-cu il tarixli məktubunda kədər hissi ilə yazırdı: “Düşünürəm ki, bizə çətin görünən maneələri aşa biləcəyik. Fikrimcə, dostum-düşmənim Əhməd bəyi nahaq yerə narahat etdik. O, iki həftə burada olub, amma görüşmək üçün bir saat vaxt ayırmağa lüzum görməyib. Beləliklə də, mənə bütün birtərəfli ehtimal və yanlışlıqlarını aradan qaldırmağa imkan yaratmayıb...””.
Qayıdaq məktublara. Əhməd bəy 10 mart 1921-ci il tarixli məktubunda maraqlı bir bənzətmə edib: “Buranın ilk baharı artıq gəlmiş. Havalar istiləndi. Ətraf yaşıllıq içindədir. Lakin İstanbulun gözəlliyi haradadır? Bura tamamilə Mərdəkan kəndinə bənzəyir”.
***
Ömer Erdenin hazırladığı “Malta sürgünündən gözümün nurlarına məktublar” adlı kitabda Ağaoğluna aid bəzi məktublar yer almayıb. Görünür, Səməd Ağaoğlu məktubların hamısını Cümhuriyyət muzeyinə bağışlamayıb və ya həmin ərəfələrdə tapa bilməyib. Məsələn, olduqca maraqlı olan bir məktub Səməd bəyin “Atamın dostları” adlı kitabında yer alıb. Türkoloq Mehdi Gəncəli həmin məktubun əslini əldə edib. Məktubda yazılıb: “Bu gün tam bir ilk bahar günü idi. Günəş o qədər parlaq, hava o qədər saf və təmiz idi ki, insan udqunduqca özünün təzələndiyini zənn edir. Axşamüstü qarşımızda olan bir təpəciyə doğru getdim. Hər tərəf yaşıllıq, hətta bəzi yerlərdə sarı çiçəklər açmış. Təpənin başında nə gördüm, bilirsinizmi? Digər mənim kimi əsir dostlar oraya çay götürmüşlər, çəmənliyin üstündə oturub içirlər. Təbii ki, məni də dəvət etdilər. Bilsəniz, o bir stəkan çay mənə nə qədər zövq verdi. Xatirəm məni ta uzaqlara, gənclik zamanıma, Qarabağa, Qalanın o gözəl dağlarına, Yastıbürcə, Daşaltına, Cıdır düzünə, Şahnişinə və Dəlikdaşa, o yerlərdəki günlərə getdi. Bütün keçmiş, bütün əqrəbalar, dostlar, evlərimiz, küçələrimiz, necələrimiz bir-bir önümdən gəldi-keçdi. O qədər üzgün oldum ki... Fəqət bütün bunlar üç dəqiqə davam etdi. Həyatın bir röya olduğunu xatırlayaraq yenə güldüm. Bu qədər zaman, saat keçmişkən bu gün də keçməyəcəkmi, yenə bir-birimizə qovuşmayacaqmıyıq? Əlbəttə, qovuşacağıq, əlbəttə görüşəcəyik və həm də inşallah çox yaxında”.
Səməd bəy kitabında ailənin də Əhməd bəyə yazdığı məktublara yer verib. 19 fevral 1920-ci il tarixli məktubunda Sitarə xanım yazıb: “Əhməd can, şükür olsun Allaha, sizdən məktub aldım. Biz salamatıq, səndən başqa bir dərdimiz yoxdur. Allah bu işlərə bir xeyir nəhayəti versin. Uşaqlar yaxşıdır. Bu gün poçt günü idi. Çox şadam ki səndən məktub alacağam. Çünki məktub gələn gün səninlə görüşmüş kimi oluruq. Allah tez göndərsin səni bizə. Gecə səni röyada görürəm və şad oluram. Allah səni orada salamat eləsin. Bizi düşünmə... Üzündən, gözlərindən öpürəm”.
Səməd bəyin kitabında yer alan 29 noyabr 1920-ci il tarixli məktubunda Əhməd bəy yazıb: “Bir dəqiqə əvvəl mən balkonda gəzir, qarşıdakı körfəz üzərində dayanan gəmilərə baxır və sizi düşünərək öz-özümə deyirdim: “Ah, nə olardı, onlardan biri məni alıb ta yanınıza aparsa, iki ildən bəri çox haqsız, çox zalimanə olaraq həsrət qaldığım o sevimli simaları görsəm!”
Nərimanova məktub
Əvvəlki yazıda qeyd etdik ki, Əhməd bəy bolşevik Azərbaycanının lideri Nəriman Nərimanova da məktub yollayıb. Bu məktub xilas olduqdan sonra göndərilib. Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi, 1921-ci ilin 22 yanvarında qəbul etdiyi qərara əsasən Ağaoğlunun və onunla birlikdə həbs olunan Ziya Gökalpın ailələrinə maaş kəsib. Həmin ilin 30 aprelində isə o, ingilis əsirliyindən xilas olub. Görünür, Türkiyədəki hadisələrin necə cərəyan edəcəyini gözləmək istəməyən Əhməd bəy Azərbaycana qayıtmağı daha doğru hesab edib. Ona görə də 1921-ci il mayın 21-də Romadan Nəriman Nərimanova məktub göndərib. “Kommunist” qəzetində (19 iyun 1921-ci il tarixli 109-cu say) ruscadan tərcümədə verilən məktubun mətni bu şəkildədir:
“Möhtərəm Nəriman!
26 aylıq əsarətdən sonra nəhayət mən buraxıldım və başqa arxadaşlarımız ilə bərabər gətirilib bizim xilaskarımız olan Ankara hökumətinin Romada nümayəndəsinə tapşırıldıq. Doğrusunu söyləmək lazım gəlsə, mən indi də bilmirəm ki, məni nə üçün həbs etmişlərdi və indi də nə səbəbə azad edirlər? Bu uzun müddətdə, qoca vaxtımda nə qədər cismani, maddi və mənəvi əziyyətlər çəkdiyimi, təhqirlər və istehzalar gördüyümü təsəvvür edəməzsiniz. Mənim ailəm İstanbulda qalıb məndən az əziyyət çəkməyirdi. Mən iki dəfə sizə müraciət etmişəm və ailəm də həmçinin müraciət etmişdir. Ola bilər ki, bizim istidadlarımız ya sizə gəlib çatmamışdır və yəqin ki, siz bizə müavinət etmək imkanı əldə edə bilməmişsiniz. Bakıda bulunan ingilis əsirləri hadisələrindən və bizi xilas etməyə çalışdığınızdan bizi unutmadığınız məlumumuz idi. Görünür ki, siyasi vəziyyətdən dolayı bunu icra etmək sizə mümkün olmamışdır. Bununla bərabər istər mən, istərsə mənim arxadaşlarım təşəbbüslərinizə qarşı sizə minnətdardırlar.
“Şərsiz xeyir olmaz”, – demişlər. Əsirlik müddətində mən çox oxudum, fikirləşdim, düşündüm, qabaqcadan mənə bu qədər tanış olan ingilis dilini əsaslı surətdə öyrəndikdən sonra onun sayəsində və fransız dilinin köməyi ilə mən Qərb kulturasının əsasları haqqında çox oxudum. Sizə də məlum olduğu kimi müsəlman millətlərinin dillərini də bildiyimdən mən çoxdan lazımınca Şərqi bilirdim. Bütün bu mütaliələr, düşüncələr və bu müddətdə görmüş olduğum təcrübələr məni dərin və qəti bir imana gətirdi ki, istər Şərqdə, istərsə Qərbdə bütün ictimai üsul və bütün ictimai quruluş yalan, qaba arzu, güclülərin gücsüzləri əzmələri üzərində durmaqdadır. O şeyə ki, mədəniyyət, hürriyyət, müsavat deyirlər zəhərli bir yalan, alçaq bir riyakarlıqdır ki, onların sayəsində ancaq qaba zülm və haqsızlıq səltənəti qurula bilər. Bu üsuli-idarə öz yalan və riyakarlığı ilə davam etdikcə bəşəriyyətə qurtuluş yoxdur və o bəşəriyyət əziyyətə məhkumdur. Ondan ötrü yeganə qurtuluş hal-hazırda Rusiyada hökmfərma olan ideal sayəsində mümkündür. Mən bu hərəkat rəhbərlərinə, bəşəriyyətin xilaskarlarına istirahət, məhəbbət və səadət üçün imanı ilə doğru yol göstərən peyğəmbərlərə baxan kimi baxıram. Bu, Şərq üçün də xüsusən yeganə bir qurtuluş yoludur. Bu məzlum, təşkilatca zəif, mədəniyyətcə avam, daimi surətdə əsarətə, qul olmağa məhkum olan Şərqin halı Qərbin üzərinə də fəna bir surətdə əksəndaz olur. Zira zəif Şərqi təhti-istismara alan Qərb imperialistləri Qərb zəhmətkeşlərini də təhti-istismara alıb boğmağa imkan qazanırlar və bu da ümumbəşəriyyət ailəsi arasında yaxın bir müvafiqət vücuda gətirir. Rusiya qəhrəmanlarının böyüklüyü də bu dərin həqiqəti dərk etməkdə, bir millətin başqa millət tərəfindən təhti-istismara alınmasını inkar etməkdə, onu təyini-müqəddəratı miləl, millətlərin fedarasyonu və daxili işdə millətlərin ixtiyaratı prinsipləri ilə əvəz etməkdədir. İştə Şərqi əsarətdən xilas edəcək və onunla bərabər Qərbi də qurtara biləcək budur: Biz Şərq millətləri bütün mövcudiyyətimiz ilə bu ideala iltihaq edəcək və Şərq naminə onun vücuda gəlməsinə xidmət etməliyiz. Ələlxüsus İslam Şərqi onu qəbul edəcəkdir və bütün Asiyanı, Afrikanı öz arxasınca dartaraq bütün Qərbi də onun qarşısında səcdə eləməyə məcbur edəcək, zəhmətkeş sinfi əsarətə alan yeganə vəsaiti-imperialistlərdən onu xilas edəcəkdir. Bu barədə Bakı fövqəladə tarixi bir rol oynaya bilər: İslam Asiyasının yol mərkəzində bulunan Bakı öz coğrafi və iqtisadı vəziyyəti sayəsində bütün Asiya təbliğatı üçün asanlıqla bir mərkəz halını ala bilər. Bu təbliğatı təşkil etmək bir vəzifədir. Müsəlmanlıq ilə tanış olduğum Sizə məlum olmaya bilməz. Yeddi ildən bəri İstanbul darülfünunda “İslam mədəniyyət tarixi” tədris etdiyimdən məlumatım daha da təkmil edilmişdir.
Mən üç əsas müsəlman dillərində – türkcə, farsca və ərəbcəni bildiyim kimi bir o qədər də Qərb dillərindən ruscanı, fransızcanı və ingiliscəni bilirəm. Bu millətlərin həyatı ilə, mənəvi fikri hərəkatları ilə tanışam. Bu surətlə zənn edirəm, bəşəriyyətin xilası üçün qalibiyyətini yeganə vasitə ədd etdiyim işdə mənfəətli bir amil ola bilərəm.
Möhtərəm doktor! Əgər mənim nəzəriyyə və imanımın səmimiliyinə qabilincə əhəmiyyət verə bildiyinizdən indi layiqli mövqeni işğal etdiyiniz işin qələbəsindən əgər bir yararlıq göstərəcəyimə inanarsınız isə yalnız əcələ etmək üçün bir sözünüzü gözləyirəm. Açıq söyləyəlim məni bu işə vadar edən xüsusi bir səbəb də var. Mənim 51 yaşım vardır. Qocalığım yaxınlaşır. Bir neçə illik qüvvət qalmışdır. Mən istərdim ki, bu son illərimi doğma vətənimə ithaf edim, son çağlarımı orada keçirim və nə gizlədim vətənimin torpağında dəfn olum. Məni Ankaraya cəlb edirlər və orada mənə geniş fəaliyyət imkanları verirlər, hərgah vətənim imtina edərsə, mən oraya gedəcəyəm. Fəqət mən Bakıya tələsirəm, orada bir saat yaşayım və ölüm! Mən orada 5 çocuq yetişdirmişəm və arzu edərdim ki, onlar da vətənimə xidmət etsinlər. Əgər mənim təklifimi qəbul etməyi lazım bilərsiniz mən zikr olunmuş təbliğat ilə işğal edib və xalq maarifini yeni əsaslar üzrə qurmaqda çalışaram.
Sizə ehtiram bəsləyən: Əhməd Ağayev.
Toronto Şəhəri, 1921-ci ilin mayı.
Nərimanovdan cavab məktubu alan Əhməd bəy artıq Türkiyədə idi. Əvvəlki məktubunda xatirələrində bəhs etməyən Əhməd bəy Nərimanova yazdığı sonuncu məktubu qeyd edib:
“Pək əziz və möhtərəm Nəriman Bəy əfəndi, Əski bir dost haqqında göstərdiyiniz böyük təvəccöhə qarşı çox minnətdar və mütəşəkkirəm. Fəqət üç türlü düşüncə məni bu təvəccöhdən yararlanmaqdan menedir;
1. Təmsil etdiyiniz fikir sisteminə qatılmamaqdayam,
2. Türklər üçün tək qurtuluş imkanının Osmanlı türklüyündə bulunduğu haqqında sizcə də bilinən əski fikir və qənaətim,
3. Məni əsarətdən qurtararaq mənə yeniden can və varlıq vermiş olan Ankaraya koşmanın mənim üçün bir namus borcu olduğu fikrim.
Bu üç düşüncə, məni doğum yerim olan Azərbaycana gəlməyə və mənə təklif olunan yüksək məqamı qəbul etməyə mane olur. Sizin kimi hər şeydən əvvəl açıqlıq və doğruluğa qiymət verən bir zatın məni mazur görəcəyindən şübhə etmirəm. Türklük bölünmə qəbul etməyən bir bütündür. Məqsəd ona xidmətdir. Bu xidmət harada yapılırsa mübarəkdir, müqəddəsdir. Sizin kimi doğru və səmimi bir zatın bütün Türk aləminin və özəlliklə Osmanlı Türk mühitinin keçirməkdə olduğu bugünkü faciəli böhran arasında, Azərbaycanın başında bulunması, bütün Türk aləmi üçün xeyirli bir əlamətdir. Siz orada qüvvətli bir məqam sahibi olaraq, mən də Ankarada, Ankara rəislərinin məiyyətində və ikimiz də daşıdığımız fikir və qənaətlər içində – hər şeyin üstündə olan türklüyə xidmət. İştə məsafələrin uzaqlığına rəğmən bizi birləşdirəcək və təmin edəcək qayə.
Baki gözlərinizdən hörmət və məhəbbətlə öpür, qardaşım ilə ailəsini yüksək himayənizə əmanət edirəm”.
Bununla da Əhməd bəyin Azərbaycanla əlaqəsi tamamilə kəsilir və o, Mustafa Kamal Atatürkün qurduğu Türkiyə Cümhuriyyətinə ölənədək xidmət edir.
Qaynaq: