Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ehtimal olunan erkən seçkilərdə iştirakı ölkədəki daxili siyasi konfiqurasiyanı köklü şəkildə dəyişdirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” yazıb.
Köçəryan dünən üç erməni nəşrinə verdiyi müsahibədə seçkilər keçiriləcəyi təqdirdə, özü və komandası ilə birlikdə iştirak edəcəyini söyləyib. Eyni zamanda, eks-prezident qələbəsinə inandığını bildirib. İndiyə qədər Köçəryan, Ermənistan Baş naziri Nikol Paşinyanın istefasını tələb edən 17 partiyanın qurduğu formatı dəstəkləyərək daxili siyasi proseslərdə dolayı yolla iştirak etməyi üstün tuturdu.
Görünən budur ki, Köçəryan mövqeyini tam dəyişib. Belə bir addım atsa, erməni cəmiyyət iki keçmiş prezident və hazırkı baş nazir arasında seçim etməli olacaq.
Politoloq Suren Surenyantsın fikrincə, Köçəryanın qərarı yeni müxalifət birliyinin özünü tükətdiyini və ölkədə yeni bir situasiyanın ortaya çıxdığını göstərir - köhnə sistemin nümayəndələrindən biri oyuna girir .
Surenyants hesab edir ki, Köçəryanın iştirakı inqilabi və ya küçə əsaslı bir mübarizə ssenarisini istisna edir, bütün diqqət seçki prosesinə yönəldiləcək: “Düzü, Köçəryanın şanslarını qiymətləndirməkdə çətinlik çəkirəm. Mənə elə gəlir ki, nə köhnə sistemin təmsilçisinin, nə də hazırkı hökumətin ciddi şansı var”.
Ekspert seçkilərdə həm Köçəryana, həm də Paşinyana qarşı etiraz edən qüvvələrin olacağına əmindir.
Politoloq eks-prezidentin hansı proqramı təqdim edəcəyinin, prioritetlərinin nə olduğu və xüsusən müharibənin nəticələrini necə aradan qaldıracağı ilə bağlı hansı addımları atacağının məlum olmadığını bildirib: “Bunlar məlum olandan sonra ilkin nəticə çıxarmaq mümkün olacaq. Hər halda, 1998-2008-ci illərdə mövcud olan idarəetmə sisteminin (Köçəryanın prezidentliyi dövrü) bərpasından danışırıqsa, buna ehtiyac yoxdur”.
Surenyants Robert Köçəryanın cəmiyyət tərəfindən qəbul edilmədiyini bildirib: “İndi Köçəryanın cəmiyyətlə dialoqa ehtiyacı var, çünki vətəndaşların əhəmiyyətli bir hissəsi geri dönmə tezisini qəbul etməyə hazır deyil. Komandası bunun üçün cəmiyyətlə təsirli bir dil tapmalı olacaq”.