Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan sərhədində vaxtaşırı toqquşmalardan və nəticədə baş verən ölümlərdə narahatdır”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan mediasına müsahibəsində KTMT-nin baş katibi Stanislav Zas deyib.
Onun sözlərinə görə, sərhəd mübahisələrini yalnız siyasi və diplomatik yollarla həll etmək lazımdır:
“Təşkilat bu il noyabrın 26-da üçtərəfli bəyanatda yer alanları dəstəkləyir, xüsusilə, Azərbaycan-Ermənistan dövlət sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin artırılmasına dair addımları və tərəflərin xahişi ilə Rusiya Federasiyasının köməyi ilə Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası və onun sonradan demarkasiyası üzrə Komissiyanın yaradılması haqqında sazişləri” .
“Aydındır ki, vəziyyətin gərginliyini azaltmaq üçün tədbirlərə həmişəkindən daha çox ehtiyac var və böyük əhəmiyyət kəsb edir. Biz Ermənistan hökumətinin vəziyyətin siyasi və diplomatik yolla həlli istiqamətində atdığı addımları dəstəkləyirik. Biz bunu yeganə çıxış yolu hesab edirik. Eyni zamanda vurğulamaq istəyirəm ki, vəziyyətin gərginləşməsindən sonra vəziyyətin öyrənilməsi, əməliyyat şəraitinin aydınlaşdırılması üçün təşkilatımızın Birləşmiş Qərargah rəisinin birinci müavini general-leytenant Xasan Kaloyevin rəhbərlik etdiyi KTMT-nin Əməliyyat Qrupu Ermənistana göndərilib - deyə, KTMT-nin baş katibi qeyd edib.
O, həmçinin vurğulayıb ki, struktur Ermənistan hökumətinin Azərbaycanla bağlı vəziyyəti siyasi və diplomatik yollarla həll etmək üçün atdığı addımları dəstəkləyir:
“Biz tərəflərin sərhədlərin delimitasiyası və demarkasiyasına başlamaq qərarını alqışlayırıq və bunu mövcud vəziyyətin təkrarlanmasının qarşısının alınması istiqamətində mühüm addım kimi qiymətləndiririk. Hesab edirik ki, lazım gələrsə, Rusiyadan başqa KTMT-yə üzv olan digər dövlətlər də bu məsələdə məsləhət dəstəyi verə bilər. Xüsusilə, söhbət Rusiya və Qazaxıstan, eləcə də Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri arasında sərhədlərin delimitasiyası sahəsində müsbət təcrübədən istifadə etməkdən gedir. Bundan əlavə, KTMT-nin də bu işə cəlb edilməsi ilə bağlı müraciət olarsa, o zaman təbii ki, təşkilatın nizamnamə orqanları tərəfindən buna baxılacaq və müvafiq qərar veriləcək”.
“Mən həmçinin hesab edirəm ki, nəqliyyat və iqtisadi əlaqələrin blokadadan çıxarılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində razılaşmaları praktiki müstəviyə çevirmək lazımdır. Bu, vəziyyətin normallaşmasına və bu regionda sabitliyin səviyyəsinin artmasına nəzərəbçarpacaq dərəcədə töhfə verəcək”, - Stanislav Zas bildirib.