“Köçəryanın komandasının – “Hayastan” fraksiyasının deputatı Qeqam Manukyan bu gün tələbələrə müraciət edərək bildirdi ki, ya bizə qoşulun, ya da üzünüzə tüpürün. Köçəryanın digər deputatı Qeqam Nazaryan da bir neçə gün əvvəl demişdi ki, ya bizə qoşulun, ya da cəhənnəm olun”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Qorq Papoyan deyib.
O, Robert Köçəryan və ətrafının erməni xalqına üzünə tüpürülməli olan subyekt kimi baxdıqlarını bildirib:
“Bu da sübut edir ki, özünü müxalifət elan etmiş bu qrup sadəcə olaraq xalqı sevmir, daha doğrusu, ona nifrət edir. Bu isə hər gün, hər saat sübut olunur. Özlərini “xalqın dəstəkçiləri” adlandırırlar, amma xalqdan da istədiklərini almayanda “cəhənnəm olun”, “üzünüzə tüpürün” deyirlər və bu səviyyədə olan başqa sözləri dillərinə gətirirlər.
Bütün bunlar o deməkdir ki, bu insanlar nəinki dərs almayıblar, həm də öz ənənələrinə bağlılıqlarını davam etdirirlər, yəni vətəndaş onların üzünə tüpürməli olduğu subyektdir. Amma 2018-2021-ci illərdə öz sözünü demiş Ermənistan vətəndaşı belə “müxalifət”ə önəm verməyəcək. Bəli, o qrup bu xalqı sevmir, amma bu xalq da onları sevmir. Daha doğrusu, onlardan iyrənir”.