21 Dekabr 2023 13:37
6 735
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Avropa İttifaqının Ermənistana təhlükəsizlik təminatı verməsi mümkün deyil.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Ermənistan bütün səylərinə baxmayaraq, KTMT-dən çıxa bilməyəcək:

“Ermənistan Baş naziri Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan və digər rəsmilər KTMT-ni sərt tənqid etsələr, son zamanlar qurumun toplantılarına qatılmasalar və “bu təşkilatın Ermənistana heç bir faydası yoxdur” desələr də, birdəfəlik yolları ayırmaqdan açıq-aşkar ehtiyat edirlər. Çünki Paşinyan ABŞ və Avropa İttifaqından təhlükəsizlik təminatı ala bilməyib, Vaşinqton və Brüsselin İrəvana belə bir təminat verməsi mümkün də deyil.

Ermənistan NATO üzvü ola bilməyəcək. Qərbdə isə NATO-dan başqa təhlükəsizlik qurumu yoxdur, bu struktur isə yalnız öz üzvlərini qorumaqda mükəlləfdir. Ermənistan isə NATO üzvü deyil. Buna görə də erməni rəsmiləri hələ bir müddət də KTMT-yə daş atmaqla məşğul olacaqlar, ancaq ardını gətirməyəcəklər.

Kreml sahibi Vladimir Putin son mətbuat konfransında Paşinyanı “Ermənistan KTMT və Avrasiya İqtisadi Birliyini tərk etməyəcək” cümləsiylə hədələyib. Yəni Putin Paşinyana demək istəyib ki, sənin bütün şıltaqlıqlarına dözdük, ancaq “qırmızı xətlər”imizi keçməməlisən.

Yeri gəlmişkən, KTMT-nin baş katibinin bu gün İrəvana səfəri başlayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər