FHN tərəfindən “Formula-1 Azərbaycan Qran Prisi 2023” marşalları üçün növbəti təlim keçirilib.
Teleqraf.com-un məlumatına görə, FHN-in Baş əməliyyat idarəsinin Əməliyyat planlaşdırma şöbəsinin rəisi, polkovnik leytenant Elvin Ağayev təlim haqqında məlumat verib:
"Bakı şəhərində keçiriləcək “Formula-1 Azərbaycan Qran Prisi 2023” yarışlarının hazırlıq mərhələsində FHN-nin təşkilatçılığı ilə nazirliyin Akademiyasında Bakı Şəhər Halqası Əməliyyat Şirkəti nəzdində Bakı Marşal Klubu marşallarının bacarıq və təcrübələrinin artırılması məqsədilə kurslar təşkil edib. Treninqlərdə ümumilikdə 200 nəfərə yaxın marşalın iştirakı nəzərdə tutulur.
Martın 11-dən başlayan treninqlər bu gün üçüncü tədbiri keçirilir. Tədbir iki hissədən ibarətdir. Treninqin birinci hissəsində marşalların yanğınsöndürmə təhlükəsizlik qaydalarına riayət olunması, yanğın və qəzalar zamanı davranış qaydaları, ikinci hissədə isə praktiki olaraq yanğınların söndürülməsi, eləcə də istifadə olunan texnika və avadanlıqlardan istifadə qaydaları aşılanır. Treninqlərin məqsədi yarış zamanı yanğınsöndürmə marşallarının fövqalədə hadisə baş verən zaman çevik reaksiya verilməsi və nəticənin aradan qaldırılması, bilik və bacarıqların artırılmasıdır. Onu da qeyd edim ki, hazırlıq mərhələsində eləcə də tədbir zamanı FHN-nin faliyyəti istiqamətində təhlükəsizliyinin təmin olunması məqsədi ilə nazirin müvafiq əmri verilib. Aidiyyəti qurumların mütəxəssiləri ərazilərə cəlb olunub".