Azərbaycanda Milli Məclis tərəfindən qəbul edilmiş növbəti Amnistiya Aktının icrası davam edir.
APA-nın xəbərinə görə, akt qadın məhkumların saxlandığı 4 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub. Amnistiya aktının şamil olunduğu məhkumlardan üçü azadlığa buraxılıb.
Amnistiya aktına düşən digər məhbusların dörd ay ərzində müəssisədən azad olunması nəzərdə tutulur.
Bununla bağlı təşkil olunan mərasimdə Ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin idarə rəisi Mirsaleh Seyidov, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də iştirak edib.
Ombudsman Elmira Süleymanova qadın məhkumlarla tez-tez görüşdüklərini, onların xahişlərini dinlədiklərini, amnistiya, əflə bağlı müraciət etdiyini deyib: “İndiyə qədər 518 nəfər bizim vəsatətlə azad olunub. Əfv və amnistiya olduqca vacibdir”.
E. Süleymanova sonuncu 4 amnistiya aktının Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunduğunu xatırladaraq “Azərbaycan yeganə ölkədir ki, qısa zamanda 11 amnistiya aktı, 61 əfv sərəncamı imzalanıb. Bu, böyük rəqəmdir”, - deyə bildirib.