Azərbaycanda həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsib.
Teleqraf.com xəbər verir ki, bu barədə ANS-ə xəstənin yaxınları məlumat veriblər. Xəstənin nəvəsi Zaur Hüseynovun sözlərinə görə, nənəsi şəkərli diabet xəstəsi olan Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzində əməliyyat edilib.
Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə, sağlam olan sağ ayağı kəsilib.
Məsələ ilə bağlı səhiyyə Nazirliyi Teleqraf.com-a açıqlama verib.
Nazirliyinin mətbuat xidmətin bildirilib ki, baş verən hadisə araşdırılır: “ Məsələ ilə bağlı Nazirlik tərəfindən xüsusi Komissiya yaradılıb, araşdırma aparılır. Bununla yanaşı, hüquq-mühafizə orqanları da bu işə cəlb olunub. Hər iki tərəfin apardığı araşdırmalardan sonra nəticə barədə Nazirlik tərəfindən ictimaiyyətə məlumat açıqlanacaq”.
İlhamə ƏBÜLFƏT