Bu gün Ağ Ev Ukraynada baş verən hadisələrlə bağlı bəyanat açıqlayıb.
"Bizdə tutarlı sübutlar var ki, Ukraynanın 3 şəhərində hökumət binalarını ələ keçirən Rusiyapərəst nümayişçilər yerli sakinlər deyil, onlar bu hərəkəti pul müqabilində həyata keçirən kənar şəxslərdir," deyə bəyanatda bildirilir.
Ağ Evin sözçüsü jurnalistlərə bildirib ki, Obama administrasiyası Rusiyaya Ukraynanın şərqinə müdaxiləyə son qoymalı olduğunu deyib və Moskva cağırışa əməl etməyəcəyi təqdirdə sanksiyaların daha da gücləndiriləcəyini bildirib.
Sözçü deyib ki, Rusiya Ukraynanın şərqində gizli və ya aşkar şəkildə fəaliyyətlərini genişləndirsə, bu, ciddi provokasiya kimi qiymətləndiriləcək.
Bu gün ABŞ dövlət katibi Con Kerri rusiyalı həmkarı Sergey Lavrovla Ukrayna barədə danışıq aparıb. Kerri Lavrova deyib ki, Ukraynanın şərqindəki hadisələr spontan şəkildə baş vermir.
Bu arada Pentaqon təsdiq edib ki, ABŞ hərbi dəniz gəmisi regiondakı avropalı müttəfiqlərə dəstək vermək üçün Qara dənizə istiqamət alıb. Gəminin bir həftə içərisində dənizə çatması gözlənilir ("Amerikanın səsi").